Перейти к содержимому

Metamorfoz


Asuman.

Recommended Posts

Sonun başlanğıcı

 

O kabinetində başını pəncərə şüşəsinə dayayıb ağlayırdı. Arxadan baxdıqda zabit formasının örtdüyü əzəmətli çiyinlərinin atılıb düşdüyünü görmək olardı. Bir neçə iş yoldaşı boş dəhlizdə exo verən hıçqırtısını dərin təəsüflə eşitməli olur, başlarını yelləyib kabinetin qapısından uzaqlaşırdılar.

Biraz keçmiş kimsə onun pəncərəyə çırpmaq istədiyi yumruğunu saxladı. O əlini saxlayanın kim olduğunu bildiyi üçün başını belə qaldırmadı. Gələn onun yaxın dostu mayor Nəcəfov idi. Nəcəfov onun əlini aşağı salıb özü də onunla birgə pəncərədən baxmağa başladı. Aşağıda yayın istisindən qurumuş yollarda şütüyən maşınların qopardığı toz burulğanı, qarşıdakı binanın meydançasında oynayan qayğısız uşaqlar, əlində portfel maşınına əyləşməkdə olan zabitlər görünürdü. Və Nəcəfov əmin idi ki, dostu aşağı baxsa da gözləri tamam uzaqlarda dolaşır. Bir qədər sükutdan sonra o, sakitliyi pozdu. Cavabını bildiyi sualı verdi ki, bir yolla mövzuya qayıtsın

- Xəbər yoxdu?

Cavab gəlmədi , Nəcəfov davam etdi

- Hər yerdə onu axtarırlar. Narahat olma bir xəbər çıxar... - Sözlərinin gücü olmadığını bilirdi

İkisi də susdu. Sözün bitdiyi yerə gəlmişdilər. Lakin sükut ağrını daha da artırırdı.

- Göyə sovrulmadı kı – Nəcəfov yenidən dilləndi- Mütləq tapılacaq. Sən özünü lap üzürsən. Dilinə bir şey dəymir neçə gündür, gəl heç olmasa bir qismət çörək yeyək. Belə də olmaz

Nəcəfov əlini onun çiyninə qoyub üzünə təsdiq gözləyirmiş kimi baxdı. Adil indi - ilk dəfə onun üzünə baxdı ve çevrilərək masanın üstündəki suyu qurtumlatdı. Onlar bir yerdə Prokurorluğun yeməkxanasına endilər.

 

 

 

 

 

 

 

 

 

 

Yenidən...

 

Bir neçə saniyə idi ki gözlərini açmışdı və tərpənmədən qarşısına baxırdı.  Xoş bir yüngüllük hiss edirdi. Sanki dünyanın ağırlığı çiynindən götürülmüşdü və o yüngül yarpaq kimi havada üzürdü. Gülümsündü. Əmin oldu ki, yuxudadır.

Lakin zamanla şüuru tam özünə qayıtdıqda qorxuya düşdü. Çünki bayaqdan hiss etdikləri həqiqətən baş verirdi. Gözlərini ətrafda gəzdirdi. Tavan az qalırdı başına dəyə. Qara rəngli nazik saçlarının qalxaraq tavana doğru biz biz durduğunu görüb təəccübləndi. Necə olub ki, saçları yuxarı qalxıb?! Ayağının altına baxdıqda isə gözləri dumanlandı. Heç cür qavraya bilməyəcəyi yerdə idi. Ayaqları yerə dəymirdi , havada idi. Açıq qaldığından quruyan ağzının kənarından bir damla tüpürcəyi yuvarlanıb düşdü. Daha doğrusu o düşəcəyini gözləyirdi lakin tüpürcək damlası havada uçuşmağa başladı. Onun gözləri bərələrək hədəqəsindən çıxır, nəfəs alıb verməsi sürətlənirdi. Ətrafına göz gəzdirdi. Hər tərəf metal konstruksiyalarla hasarlanmışdı. Qəribə qurğular var idi ətrafda. Onların heç birini əvvəllər görməmişdi. Havada özünü idarə etməyi isə öz təəcübünə rəğmən yaxşı bacarırdı. Özü də bilmirdi bunu necə bacarır. Amma o olduğu yerdən digər səmtə rahatlıqla üzə bilirdi....

 

İlk əlamətlər

 

Gecə saat üç idi. Nəzrin su içmək üçün mətbəxə keçib işığı yandırdı . Qrafini qaldırıb stəkana su süzdükdə ögey qızı Əsmərin telefonunun mətbəx masasının üstündə - qrafinin arxasında qaldığını görüb qaldırdı və səhər telefonun zəngli saatı olmadan Əsmərin yatıb qalacağını yəqin etdiyi üçün telefonu otağına apardı. Qapını onu oyatmamaq üçün ehtiyyatla araladı və içəri daxil olaraq telefonu çarpayının yanındakı kiçik dolabın üzərinə qoydu. Elə bu an yataqda heç kimin olmadığını görüb təəcübləndi. Otağa nəzər saldı. Hövlank işığı yandırıb yenidən otağın hər tərəfinə baxdı. Heç kim yox idi. Əsmərin atasına , öz ərinə xəbər vermədən yəqinləşdirmək üçün eyvana , yenidən mətbəxə, evin digər üç otağına, daha sonra isə qapıya baxdı. Qapı kilidli,otaqlar isə boş idi. Öz yataq otağına yüyürərək işığı yandırdı , həyat yoldaşını oyatmağa başladı. Bacardıqca sakit olmağa çalışırdı, çünki ərinin qızına aşırı bağlılığını, onun üzərində əsim-əsim titrədiyini bilirdi.  Adil oyandı. Otağın gur işığı gözlərini qamaşdırdı. Gözlərini qıyaraq çarpayıda oturdu və qarşısında sakit halda dayanan, həmişəki kimi alçaq səslə danışan yoldaşının sakitliyini görüb rahatladı

- Nə olub Nəzrin?

Nəzrin baş barmağınının incə hərəkətilə Əsmərin otağını göstərərək titrək səslə dedi

- İndi otağına girmişdim amma ...- udqunub davam elədi- Asi yerində yoxdu( Yaxınları Əsməri Asi kimi çağırırdı)

Nəzrinin sözləri Adilə sillə kimi dəydi

- Yoxdu? Necə yəni yoxdu?

O Nəzrinin cavabını dinləmədən qaçaraq Əsmərin otağına girdi. İşıq sönmüşdü. İşığı yandırıb otağa baxdı. Əsmər çarpayısında idi. Qımıldanmadan yatırdı. Adil təəccüblə və hirslə Nəzrinin otağa girməsini gözlədi. Bunlar bir neçə saniyə ərzində baş verirdi. Pıçıltı ilə lakin yetəri qədər qəzəblə dedi

- Ay qız bu nə zarafatdı?! Gecənin bir aləmi belə şey edərlər?! Ağlın çaşıb deyəsən

 

Nəzrin gözlərini döyə-döyə gah çarpayıya gah da Adilə baxır yerindəcə donub qalmışdı. Nə deyəcəyini bilmirdi. Onunla heç vaxt belə bir şey baş verməmişdi. Gözləri, hələ bir ağlı onu heç vaxt aldatmamışdı. Adil işığı keçirib qızının otağını tərk etdi. Nəzrin isə qaranlıq otaqda quruyub qalmış, olanları analiz etməyə çalışırdı. Sonra bu hadisəni unutmağa çalışdı və bu haqda evdə heç bir söhbət getmədi.

 

 

Həmin səhər Əsmər möhkəm baş ağrısı və ürək bulantısıyla saatın zənginə oyandı. Saatı zəngə qoyduğuna görə özünü bir ağız söydü də.

- Bu gün altıncı gündü axı. Mən niyə budilniki qurmuşam... –

deyib telefonu çarpayının üstünə tulladı. Bilirdi ki, oyanarkən gözünə işıq düşsə daha yata bilməyəcək. Səhər artıq açılmışdı. Yerində uzanıb tavana baxaraq uzun uzadı düşündü. Fikirlərinin bu dünya ilə arası yox idi. Həmişə haralardasa uzaqlarda gəzişərdilər və Əsmər onları güclə yığışdırıb başına yerləşdirə bilirdi. Yarım saatdan sonra qalxıb səndələyə-səndələyə pəncərinin kənarına söykəndi. Hava üzünü bozartmışdı. Yağış yağırdı. Yağış dilimlərinin yeri tappıldatmasının verdiyi səslə qulaqlarını yemlədi. Pəncərədən axıb süzülən damlalar ürəyinə elə xoş gəlirdi ki, onları körpə uşaqları seyr edirmiş kimi gülümsəyərək seyr edirdi. Daha sonra planşetini açıb internetdə gəzişdi. Sonra isə atası və Nəzrinin yataq otağına yaxınlaşıb durub durmadıqlarını yəqinləşdirdi. Yatmışdılar. İstəyirdi balaca qardaşının şirin yanaqlarını ürəkdən marçıldadıb öpsün. Mətbəxə keçib çaydanı su ilə doldurub qaz sobasına qoydu. Nəzrinin axşamdan bişirdiyi meyvəli tortu soyuducudan çıxarıb dilimlədi. Naringi dilimlərindən birini ağzına ataraq hansısa axmaq bir mahnını zümzümə edə-edə salona keçdi və televizora baxmağa başladı

 

 

Bu səhər onunkı gətirmişdi. Kanallardan birində “Hokingin kainatı” filmi verilirdi. Stiven Hokinq onun pərəstiş etdiyi tək-tük insanlardan biri olduğu üçün yeni başlamış filmi ləzzətlə izləməyə başladı. Biraz keçmiş qaynamaqda olan çaydanın vıyıltısı divandan ayrılmaq istəməyən Əsməri mətbəxə dartdı.  Elə bu an qardaşının ağlamasını eşidib qapıya yaxınlaşdı

-Nəzriin

-Hə Asi durmuşam narahat olma.

Nəzrin balacanı qucağına alıb otaqdan çıxdı. Əsmər balacayla oynamağa, onun xırda dolu yanaqlarını dişləməyə başladı. Uşaq bacısına şıltaqca gülümsəyir, balaca barmaqlarıyla bacısının qara saçlarını dartışdırırdı.

Nəzrin birdən təəccüblə Əsmərə baxaraq soruşdu

-  Sən niyə getməmisən indiyə qədər?

-  Hara?

-  Salona. Bəs bugün Aynurun nişanı deyil?

Əsmər uşağı Nəzrinin qucağına verib yadına salmağa başladı. Ən yaxın rəfiqəsinin nişanını necə unuda bilərdi. Həyəcanla soruşdu

-   Nəzrin bu gün ayın 27 si di?

-  Hə Asi 27si di. Sənə nə olub? Biz dünən bütün günü nişanı müzakirə eləmişik

 

Əsmər təəcüblə Nəzrinə baxır, başını yelləyirdi. Onun xatırladığı o idi ki, dünən ayın 25i - 5-ci gün idi

- Bu gün bazar günüdür?

- Asi deyəsən səhər tezdən tok vurub səni

Elə onlar söhbət edən zaman Əsmərin otağından telefonunun səsi gəldi. O yüyürərək otağına qaçdı. Zəng edən Əsmərin digər rəfiqəsi Sevinc idi

- Qızım hardasan?

- Gəlirəm gəlirəm. Vallah bağışlayın.

- Daha keçdi. Aynur səndən möhkəm inciyib. Belə gündə də gecikmək olar. Yazıq qız məni çağırdı. Gedib salonda tək oturmayacaqdı ki

Əsmər əliylə qaynarlaşmış alnını ova-ova soruşdu

-Qurban sənə, səhv başa düşmə. Sonra başa salaram. Hansı salondasız?

- Vay bə! 28 də Asi 28-də. Sənin məsləhət gördüyün salonda! Beauty-də

Əsmər pis vəziyyətdə qaldığı üçün dodağını dişlədi:

-Ok...  Dəqiqləşdirmək istədim

 

Əsmər telefonu kənara qoyub dolabdan gecə libaslarından birini çıxarıb hazırladı. Sonra sadə geyinib evdən çıxdı

-Atanı oyadım? Aparsın da səni . Gecikmisən

-Yox Nəzrin yox.

 

Əsmər Sevinc ilə gözəllik salonundan evinə qayıdıb gecəlik donunu geyindi və atasının sevgi dolu baxışlarının müşaiəti ilə evi o baş bu baş dolanaraq nazlana nazlana gəzməyə başladı

-Az yaxşı yaxşı. Di gedək! –Sevinc onu dümsüklədi

-Papa mən hazır. Gedək?

-Gedək qızım

Nəzrin onları yola salarkən şən səslə dedi

- Bax bu paltar daha qəşənq yaraşır sənə. Dünən aldığınız paltardansa bu qəşənqdir

Əsmər pilləkənləri enə-enə ona gülümsəyərək baxan Nəzrinin üzünə təəccüblə baxdı və özlüyündə fikirləşdi “ Dünən aldığım ???”

 

Həmin gün bu barədə daha düşünmədi. Lakin zamanla yaddaş itməsinin periodik olduğunu fərq edincə atasına deməyi qərara aldı.

Çox sayda analizlərdən sonra Əsmərin tam sağlam olduğu beynində heç bir potologiyanın olmadığı ortaya çıxdı. Yaddaş itməsini stersslə əlaqələndirib psixoloqa istiqamətləndirdilər ki, Əsmər də bundan imtina etdi

 

 

 

 

 

 

 

Sən çox gözəlsən...

 

Yenə gözlərini açmış , eyni həyəcan və qorxunu yaşayırdı. Havada üzür, çəkisizlik vəziyyətində olduğunu anlayırdı. Harada ola bilərdi axı? Üzərək ətrafını bürümüş qurğulardan birinə toxundu. Amma düymələrini sıxmağa risk etmədi.

-Bura haradı? Boşluğa qışqırdı. Əmin idi ki, onu kimsə eşidir. Amma sualına cavab verən olmadı

- Kimsə eşidir məni? Nə olar cavab verin- Son cümləsini ağlayaraq söylədi. Ona elə gəlirdi burada ilk dəfədir ...

Gözündən süzülən yaş damlası aşağı yuvarlanmadan üzünə ilişib qaldı. O heyrətlə göz yaşına barmağıya toxundu an nəhəng tunel formasında olan metal qurğunun bir başındakı qapı açıldı. Orada görünən məxluq Əsmərin az qaldı ki, nəfəsini kəsə. O aldığı nəfəsi buraxmağa risk etmirdi. Elə bilirdi tərpənməsə salamat qurtaracaq. Onlar bir neçə saniyə baxışdılar. Əsmər olduqca ehtiyyatla başını arxasına çevirdi. Elə bilirdi onun arxasında da kim isə durub və bu ona inanılmaz qorxu yaşadırdı. Heç kim yox idi , qaçmaq da mümkün deyildi. Ətrafına boylanır nə edəcəyini bilmirdi.  O heç vaxt belə bir şey görməmişdi. Qapının arxasında görünən məxluq olduqca cılız, qəhvəyi rəngli tüksüz dərisi olan bir yaratıq idi. İri gözləri, bədəninə nisbətən olduqca böyük başı var idi. Gözləri insan gözünə bənzəyirdi,lakin çox iri idi. Əsmər düşündü ki, bədənindən iri başını vücudu necə saxlayır?! Sonra çəkisizlik vəziyyətində olduqlarını xatırladı və bu ona mümkün göründü. Həmin məxluq bir balaca üzərək Əsmərə yaxınlaşdı. Əsmər anlayırdı ki, buradan çıxış yoxdur və sükut içində özünü həmin məxluqa təslim etmişdi.

O Əsmərin yanında olduqca cılız görünürdü. Əsmərə düşündü ki insan övladının onu əzməyə bir əli belə yetər. Ağlından keçdi ki, müqavimət göstərsin. Lakin risk etmədi. Həmin məxluqun bədəni deyil baxışlarında əzəmətli güc hiss olunurdu. Sanki Əsmərin beyninin içini oxuyurdu. Bir ara ona elə gəldi ki bu məxluq onun beyninin içində nə isə danışır. Sonra bu hissini qorxuyla əlaqələndirdi. O artıq Əsmərlə göz gözə idi, Əsmər onun nəfəsini belə hiss edirdi. Nəfəsi tamamilə fərqli qoxuyurdu. Bu pis qoxu deyildi hətta sanki təmizliyin qoxusu olsaydı ondan belə bir iy gələrdi. Əsmər başını irəli çəkib bu cəzbedici qoxunu almaq istəməsinə və az qala həmin məxluqun qurumuş kiçik dodaqlarına yaxınlaşmasına heyrətləndi. Dərhal başını geri çəkdi. Həmin məxluqun üzündən heçnə oxumaq olmurdu. Heç bir mimikası tərpənmirdi.  Sadəcə gözləri çox dərin baxırdı. Olduqca dərin. Lakin onların da mənasını Əsmər anlaya bilmədi. Bircə bildiyi o idi ki, bu yaratıq indi yalnız onun yanında yox beyninin içində də dolaşır. Bu məxluq olduqca cılız qəhvəyi əlləri ilə Əsmərin göz qapaqlarını bağladı. Sonra əllərini çəkdi. Əsmər onun əllərini soyuqluğunu hiss edə bildi. Gözünü açdıqda isə qarşısında heç kimi görmədi. Hansısa dəmir qurğunun oturacağında oturduğunu fərq elədi. Kəmərlə bağlanmışdı. Alüminium rəngli dəmir qurğu güzgü kimi onu əks etdirirdi. O başını çevirdikdə başında adi xəstəxanalarda gördüyü tibbi ləvazimatlara bənzəyən qurğunun olduğunu gördü.

- Ey! Siz mənə nə edirsiz lənətə gələsiz- Var gücüylə bağırdı

Bu an həmin yaratıq Əsmərin qarşısında peyda oldu. İri gözlərini Əsmərin gözləriylə bərabərləşdirdi. İlk dəfə Əsmər onun gözlərini qırpdığını gördü .

Bəlkə də daha fürsət olmayacağını düşündüyü üçün Əsmər bütün cəsarətini toplayıb titrəyən səsi ilə dilləndi:

- Mən niyə burdayam ? Nə baş verir mənimlə?

Öz aşırı təəcübünə rəğmən başının içində kim isə danışdı :

- ...........Sən çox gözəlsən.........

Изменено пользователем Asuman.
Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...