Перейти к содержимому

İSFƏNDİYARIN NAĞILI


Устаман

Recommended Posts

 

                                                           İSFƏNDİYARIN NAĞILI.

 

Biri vardı, biri yoxdu, qədim zamanlarda böyük bir şəhər vardı. Bu şəhərin hökmdarı çox zülümkar adam idi. O, rəiyyətə gün verib, işıq vermir, onları çapıb, talayırdı. Tamahının sonu olmayan bu hökmdar günü-gündən vergiləri artırır, vergini ödəyə bilməyənlərin isə övladlarını zorla əlindən alıb qul kimi bazrda satdırırdı. Əhali təngə gəlmişdi onun əlindən. Kimi şəhərdən baş götürüb qaçır, kimi isə şəhərin yaxınlığında sıldırım qaya vardı, ordan gedib özünü atırdı. Bəli, bu hökmdarın zülmü bitib, tükənmək bilmirdi.

Bu şəhərdə İsfəndiyar adlı bir yeniyetmə gənc də yaşayırdı. O, odunçu idi. Atasından ona bir balta, bir də bir neçə arşın uzunluğunda kəndir qalmışdı. O, hər səhər meşədən odun doğrayıb gətirib bazrda satırdı. Qazandığı pulu beş yerə bölürdü, dörd payını darğaya verirdi, bir payını isə özünə götürürdü. Bu pula o ancaq soğan-çörək ala bilirdi,  elə beləcə də ac-yalavac yaşayırdı. İsfəndiyar həm də yetim idi. Onun atası ilə anası o, hələ uşaq ikən rəhmətə getmişdilər, onu nənəsi böyütmüşdü. Nənəsi isə bir neçə il bundan qabaq dünyasını dəyişmişdi, odur ki, İsfəndiyar yarı uçuq daxmasında tək yaşayırdı. O, gecələr daxmada ocaq qalayıb xəyala dalır, dünyanın niyə belə ədalətsiz olduğu haqda düşünürdü. Gah da göydəki ulduzları seyr edib özünü qanadlı bir pəhləvan kimi təsəvvür edirdi, o, arzu edirdi ki, ən güclü, ən cəsur bir insan olsun və zülümkarları məhv eləsin. O, ilk növbədə  darğanı öldürmək istəyirdi. İsfəndiyar bir dəfə qazandığı puldan bir qədər gizlətmişdi ki, yağ-pendir alsın. Darğa bunu bilmiş və onu o ki, var döymüşdü. Odur ki, İsfəndiyar tez-tez öz xəyallarında darğanı da qılıncla doğrayırdı.

Bir gün yenə də İsfəndiyar ocaq kənarında uzanıb daxmanın uçuq damından ulduzlara baxırdı. Bu zaman bayırdan hənirti gəldi. O, tez yerindən durub baltasını götürdü və qapıya yaxınlaşdı.

- Kimdir orda? - deyə ucadan soruşdu.

- Allah qonağıdır, - qapı arxasındakı adam dilləndi.

- Bəs niyə belə gec gəlmisən, indi hamı yuxuya gedib..?

- Mən bu şəhərdə qəribəm, ey ev yiyiəsi, bilmirəm hara gedim. Gördüm burda işıq gəlir, elə bura da gəldim - deyə qonaq mülayim səslə dedi. 

- Sən bil ki, mən yetiməm, - İsfəndiyar dedi. - Əgər mənə bir şey eləsən Allah səni cəhənnəmdə yandıracaq!

- Qorxma, ey cavan,  məndən sənə pislik dəyməz, - qonaq onu dilə tutdu. - Məni bir gecə qonaq saxlasan Allah səndən razı qalar...

İsfəndiyar  qapını açdı. Daxmanın qabağında uzun saçlı -saqqallı  bir kişi dayanmışdı. Onun başında hüllə papaq, ayaqlarında isə şiş burun çarıq vardı. Çiynindəki xurcunu əlləri ilə bərk-bərk tutmuşdu, elə bil qorxurdu ki, kimsə onu qapıb qaçacaq.

- Gəl içəri - deyə İsfəndiyar kənara çəkilib vaxtsız gələn qonağı içəri buraxdı.

Qonaq daxmaya daxil olub salam verdi və sonra ona təşəkkür edib xeyir-dua söylədi. Nəhayət ocaq kənarında bardaş qurub oturdu və xurcunda nə isə axtara-axtara soruşdu:

- Adın nədir, ey cavan?

- İsfəndiyardı.

- Deyəsən odunçusan?

- Hə. - İsfəndiyar da keçib ocağın kənarında oturdu, amma baltanı əlindən yerə qoymadı. Onda heç kimə inam qalmamışdı.

- Atan-anan çoxdan rəhmətə gedib?

- Çoxdan.

- Allah onlara rəhmət eləsin!

- Sağ ol.

Qonaq xurcundan balaca bir süfrə çıxarıb yerə sərdi. Bunu görən İsfəndiyar dedi:

- Mənim yeməyə heç nəyim yoxdur...

- Eybi yox, məndə bir qədər yemək var.

Bunu deyib qonaq bir neçə alma, bir qədər xurma, bir ovuc qoz-fındıq çıxarıb süfrəyə düzdü. O, xurcundan yuxaya bükülü pendir-şor da çxarıb süfrəyə qoydu.

- Ye, utanma, - dedi. 

İsfəndiyar yumşalıb bu kişinin həqiqətən xeyirxah adam olduğunu hiss elədi. O, baltanı yerə qoyub yuxadan bir az qoparıb pendirlə yeməyə başladı.

- Bəs sənin adın nədir? - deyə o, ürəklənib qonaqdan soruşdu.

- Məni hamı Dərviş Baba deyə çağırır - qonaq da yuxa-pendir yeyə-yeyə cavab verdi.

- Deyirlər dərvişlər hər yeri gəzirlər...

- Hə, ey İsfəndiyar, mənim gəzmədiyim yer qalmayıb.

- Bəs sən necə pul qazanırsan?

- Mənim yaxşı səsim var, mən Quran oxuyuram, qəsidə oxuyuram... - Dərviş Baba fərəhlə dedi. - Adamların xoşuna gəlir, onlar da məndən öz xeyirlərini əsirgəmirlər. Bax, gördüyün bu ruzi-bərəkəti bu gün mənə bu şəhərin adamları  verib. Mən məscidin yanında oturub avazla Quran oxuyurdum, bir xeyli adam toplaşmışdı başıma. Heyf ki, bir molla gəlib məni ordan qovdu! Dedi bir də bura gəlsən boynunu vurduracam!

- Bura belədir, Dərviş Baba! - İsfəndiyar acı-acı dedi. - Burda haqq-ədalət yoxdur. Ona görə də mən burdan getmək istəyirəm. Sən mənə de görüm hara getsəm yaxşı olar?

- Hər yer belədir, oğul, hələ burdan da pis yerlər var, hara getsən zülmlə rastlaşacaqsan... Kaş biləydin ağalar, hökmdarlar necə qaniçəndirlər...

- Mən axı burda yaşaya bilmirəm, hər gün ac qalıram - deyə İsfəndiyar şikayətləndi.

- Elə bilirsən başqa yerdə yaxşı yaşaya biləcəksən? Eh! - Dərviş Baba süfrədən xurma götürüb ona uzatdı. - Heç yana getmə, qal burda! - Dərviş Baba bunu deyib səsini lap alçaltdı. - Həm də, agah ol ki, sizin padşaha tezliklə nə isə olacaq, hə, onun yerinə yaxşı padşah gələcək!

- Nə bildin?

- Mən fala da baxa bilirəm, sizin padşahın da falına baxmışam...

- Səni padşahın yanına aparmışdılar?

- Yox, mənə kifayətdir ki, həmin adamın adını bilim...

Dərviş Babanın bu sözləri İsfəndiyarı maraqlandırdı.

- Bəs mənim necə, falıma baxa bilərsən? - deyə o, soruşdu.

- Sənin də falına baxaram, niyə baxmıram! Sən yaxşı oğlansan, məni öz evinə buraxdın... - Bunu deyib Dərviş Baba tələsmədən xurcundan üstündə Günəşin, Ayın, ulduzların təsviri olan bir dəri parçası  çıxarıb süfrənin yanında yerə sərdi. Sonra bir mis kasa və dörd dənə də qoyun aşığı xurcundan çıxardı. O, aşıqları kasanın içinə atıb bir əli ilə onun ağzını tutdu və çalxalaya-çalxalaya ovsun oxumağa başladı. Bir neçə dəfə sözlərinə ara verib  İsfəndiyarın adını çəkdi və nəhayət aşıqları dərinin üstünə atdı. Dərviş Baba gördüklərinə inanmayıb heyrətlə dedi:

- Yox, bu ola bilməz! Bu ola bilməz!

- Nə oldu, Dərviş Baba, nə ola bilməz?! - deyə İsfəndiyar səbirsizliklə soruşdu.

- Aşıqların hamısı dik düşüb! Bu bilirsənmi nə deməkdir?!

- Nə deməkdir?

- Yox, mən gözlərimə inana bilmirəm! Bəlkə mən yanılıram, yoxsa gözlərim məni aldadır..?! De görüm aşıqların hamısı dik düşüblər, yoxsa mənə elə gəlir?

- Hə, dik düşüblər, - İsfəndiyar onun yanılmadığını dedi.

- Bu ola bilməz, mən gərək yenə aşıqları atım! - Bunu deyib Dərviş Baba aşıqları yenidən kasaya qoydu və yenə ovsun oxuyub onları dəri parçasının üstünə atdı. Aşıqlar bu dəfə  də dik düşdülər!

- İlahi sən özün mənə rəhm elə! -  Dərviş Baba yerindən durub diz çökdü və əllərini göyə qaldırardı. - Mənə bu əziyyəti vermə, mənə yazığın gəlsin!

- Sən niyə demirsən nə olub, Dərviş Baba? - İsfəndiyar bir qədər incimiş halda soruşdu.

- Ey İsfəndiyar, bu şəhərin padşahı sən olacaqsan! - nəhayət Dərviş Baba ona dedi.

- Sən nə danışırsan, Dərviş Baba!? Ha-ha-ha! - onun bu sözlərindən İsfəndiyarı gülmək tutdu. - Mən hara, padşahlıq hara?!

- Bu aşıqları Həzrəti Süleyman öz əlləri ilə süfrəsindən götürüb mənim ulu babama veribdir!! O da öz oğluna, oğlu da nəvəsinə - beləliklə aşıqlar gəlib mənə çatıbdır!  - Dərviş Baba  dedi. - Onlar hələ bir dəfə də olsun səhv salmayıblar! - O, aşıqları götürüb İsfəndiyara göstərdi. - Bax, bunların üstündə onun adı da yazılıb, o, öz mübarək əlləri ilə bunu yazıb! İnan mənə, ey İsfəndiyar, - Dərviş Baba bunu deyib İsfəndiyarın qarşısında baş əydi, - bu şəhərə sən hökmdarlıq edəcəksən...!

- Sakit, Dərviş Baba, - İsfəndiyar onun sözünü kəsdi. - Padşah eşidər ikimizin də boynumuzu vurdurar! Mən necə padşah ola bilərəm?! Padşahın öz oğlu var, padşaha bir şey olsa  onun oğlu padşah olacaqdır! Onu qoyub kim məni padşah seçər?!

- Bu aşıqların dördü də hələ heç vaxt dik düşməmişdilər, ey İsfəndiyar! Mən bir belə fal açmışam, birinci dəfədir ki, dördü də dik düşür! Bu, padişah bəxtidir! İnanmırsan, üçüncü dəfə də mən onları ataram. - Bunu deyib Dərviş Baba yenə aşıqları kasaya qoydu və yenə də ovsun oxuyub İsfəndiyarın adını çəkdi. O, ovsun bitən kimi aşıqları dərinin üstünə atdı. Aşıqlar elə bil sehirlənmişdilər, onlar yenə də dik durdular! 

- Gördünmü?! - Dərviş Baba sevinclə dedi. - Bu aşıqlar üç dəfə dalbadal səhv edə bilməzlər...

- Məndən padşah olmaz, Dərviş Baba!  - İsfəndiyər qəmgin səslə dedi. - Padşahın gərək çoxlu qoşunu, pulu, atı, dəvəsi olsun... - mənim nəyim var?

- Hər şey Allahın əlindədir, padşah sağ olsun! O, nə istəsə elə də olur!

- Sən artıq məni padşah hesab edirsən? - İsfəndiyar onun bu müraciətinə görə yenə güldü.

- Hə, ey qədəmləri mübarək, inan mənə, sən tezliklə padşah olacaqsan!

- Mən buna inana bilmirəm...

- İnan, inan! - Dərviş Baba qətiyyətlə dedi. - Özün də mənə icazə ver səninlə burda yaşayım. Bax, mənim pulum da var! - O, qoltuğundan içi dolu bir pul kisəsi çıxardı. - Bax, bunların çoxusu gümüş pullardı! Bu pula istəsən ulaq da ala bilərik, daha belimizdə odun daşımarıq! Hə, nə deyirsən? 

- Nə deyirəm, Dərviş Baba, istəyirsən qal burda, - İsfəndiyar ocağa bir qədər də çırpı atıb dedi. - Ulaq almaq isə lazım deyil, darğa bir bəhanə ilə onu sənin əlindən alar...

- Çox sağ ol, padşah sağ olsun, məni qovmadığın üçün bu gündən mən sənin sadiq qulunam! - Dərviş Baba bunu deyib  onun qarşısında diz çöküb baş əydi.

- Amma odunçu olmaq asan deyil, ha, Dərviş Baba, - İsfəndiyar onu xəbərdar elədi. - Meşənin dərinliyinə getmək olmur, o qədər vəhşi heyvan var ki...

- Mən heyvanlardan qorxmuram, padşah sağ olsun! - Dərviş Baba onun bu sözlərinə məhəl qoymayıb dedi. - Həm də şükürlər olsun Allaha ki, mənə az-çox güc verib! 

Bəli, həmin gündən İsfəndiyarla Dərviş Baba bir yerdə yaşamağa başladılar. Onlar hər gün meşədən odun doğrayıb gətirib bazarda satırdılar, axşamlar  isə ocaq kənarında şirin-şirin söhbət edirdilər. Dərviş Baba gördüklərindən, bildiklərindən İsfəndiyara danışır, onu dünyanın gərdişi-dövranından hali edirdi. Özü də onunla tək qalanda ona adı ilə deyil, padşah sağ olsun, deyə müraciət edirdi.

Günlərin bir günü onlar yenə meşədə odun doğrayırdılar, bu zaman güclü yağış yağmağa başladı. Onlar mağaraların birində oturub yağışın kəsməyini gözlədilər. Amma yağış daha da gücləndi, odur ki, mağarada gecələməli oldular. Səhər onlar hərəyə bir şələ odun götürüb şəhərə yollandılar. Amma meşədən çıxanda gözlərinə inanmadılar!  Gördülər ki, gecə düşmən ordusu gəlib şəhəri üzük qaşı kimi mühasirəyə alıb!  Düşmən ordusu o qədər idi ki, göydə ulduzların sayı vardı, yerdə əsgərlərin yox! Onlar şəhəri oxa basır, uzun nərdivanlarla qala divarlarına çıxmağa çalışırdılar! Şəhər darvazası qarşısında isə bir neçə çadır qurmuşdular, onların ən böyüyü qırmızı rəngli idi. Onun üstündə  iri, qara rəngli bir bayraq asılmışdı. Bunu görən İsfəndiyarla Dərviş Baba tez odunu bellərindən atıb meşəyə qayıtdılar və kolların dalında gizlənib şəhərə tərəf baxmağa başladılar. Dərviş Baba diqqətlə qara bayrağa baxıb dedi:

- Mən bu padşahın məmləkətində olmuşam, qaniçənin biridir! Sizin padşahdan da qəddardı! Bunlar mütləq şəhəri işğal edəcəklər! Yaxşı ki, biz şəhərdə olmamışıq, Allah özü bizi qoruyub saxlayıb! Biz gərək burdan gedək, ey İsfəndiyar, sən deyəsən başqa şəhərin padşahı olacaqsan...

- Nədənsə burdan getmək istəmirəm,  Dərviş Baba, - İsfəndiyar şəhərdən gözünü çəkmədən dedi. - İstəyirəm görəm bu müharibənin axırı necə olacaq.

- Necə olacaq, bir müddətən sonra şəhərdə aclıq başlayacaq, camaat məcbur olub darvazaları açacaqdır!- Dərviş Baba narazı halda kolların dibində oturdu və sözünə davam elədi.  - Onda da hamını qılıncdan keçirəcəklər! Mən də bir dəfə beləcə mühasirəyə düşmüşdüm! Yenə Allahın mənə rəhmi gəldi, mən meyitlərin altında gizlənib sağ qala bildim! 

- Bizim padşahı da öldürəcəklər?

- Bəlkə də öldürəcəklər... Ancaq o, şəhəri döyüşsüz təslim etsə bəlkə ona rəhm edələr...

- Bəs padşahın qızını necə? Onu da öldürəcəklər?

- O da, padşahın bütün hərəmxanası da bir var-dövlət kimi, qalib gələn padşahın əlinə keçəcəkdir...

- Heyf ondan... - İsfəndiyar kədərlə dedi. - Elə gözəl qızdır ki... 

Dərviş Baba nə qədər İsfəndiyarı dilə tutdusa İsfəndiyar buranı tərk eləmədi. Axırda naləc qalıb o da burda qalası oldu. O, heç şübhə eləmirdi ki, İsfəndiyar hökmdar olacaqdır. Beləcə onlar mer-meyvə yeyə-yeyə meşədə qalası oldular. Onlar hər gün kolların dalında gizlənib şəhərə hücumu seyr edir, tez-tez yaralı əsgərlərin bağırtılarını da eşidirdilər. Qaranlıq düşəndə isə qala divarları yaxınlığında iri tonqallar qalanırdı və tonqal işığında hücum davam edirdi. 

Bir gün yenə İsfəndiyar şəhərə tərəf baxırdı, Dərviş Baba isə kolların dibində oturub yanıqlı-yanıqlı qəsidə oxuyurdu. Birdən İsfəndiyarın yadına nə isə düşdü.

- Dərviş Baba, bilirsənmi, bu şəhərə yeraltı yol var! -  dedi.

Dərviş Baba elə bil yatmışdı yerindən tez qalxıb İsfəndiyarın yanına gəldi.

- Necə, necə?! Yeraltı yol? Hardadır?

- Bax o boz qayaları görürsən, - İsfəndiyar əli ilə günbatan tərəfi göstərdi, - onların arxasında. Orda iri bir palıd  ağacı da var, yeraltı yol ordan başlayır düz padşahın sarayına aparır. 

- Hardan bilirsən?

- Bir dəfə atam məni  özü ilə həmin palıd ağacı olan yerə aparmışdı.  Onda mən  balaca idim. Birdən hardansa bir xeyli adam peyda oldu, onların əllərində bel, külünk var idi. Onlardan bəziləri atamı tanıyırdılar. Onlar atama dedilər ki, burdan padşahın sarayına yeraltı yol çəkiblər. Biz sonra meşəyə yollandıq. Bir də eşitdik  ki, bağırtı səsləri gəlir. Geri dönüb həmin səslər gələn tərəfə baxanda  gördük ki, padşahın özü, oğlu, bir də vəzir-vəkili həmin adamları qılıncdan keçirir... Yaxşı ki, onlar bizi görməmişdilər, yoxsa bizi də öldürərdilər!

- Ax, qaniçən padşah, lənətə gələsən! - Dərviş Baba dedi. - Bu sirr açılmasın deyə məlun padşah o yolu çəkən zavallıların hamısını qətlə yetirib... - O, bunu deyib bir qədər fikirləşdi və sözünə davam elədi: - Biz gərək gedək həmin palıd ağacının yanında gizlənək. Şəhər əldən gedəndə padşah yaxın adamları ilə o yeraltı yolla çıxıb qaçacaqlar. Hə, var-dövlətlərini də özləri ilə aparmaq istəyəcəklər... Hava qaralanda köçərik ora.

- Orda yaxşı moruq, yemlik də yetişir, Dərviş Baba...

- Lap yaxşı... - Dərviş Baba çevrilib yerinə qayıtmaq istədi. Bu zaman o, çadırlar tərəfdən bir bölük atlının onlara tərəf gəldiyini görüb dayandı. 

- Dərviş Baba, bura atlılar gəlir! - deyə İsfəndiyar həyəcanla dedi.

- Görürəm... 

- Nə edək?! Qaçaq burdan?!

- Tələsmə, padşah sağ olsun, - Dərviş Baba İsfəndiyara ürək-dirək verdi. - Əgər biz yaxşı gizlənsək bizi heç kim görməz. Qoy yaxın gəlsinlər, görək kimdirlər.

Atlılar deyib gülə-gülə meşəyə tərəf gəlirdilər. Şəhərlə meşə arasında otları qurşağa çatan geniş bir düzənlik vardı. Atlılar gah atlarını çapır, gah da quşlara ox atırdılar. Onların arxasınca isə  at arabasında bir neçə xanəndə gəlirdi, onlar şən mahnı çalıb-oxuyur,  atlıları əyləndirirdilər. Atlılardan biri başdan-ayağa qırmızı paltar geymişdi. Onun ağ atının cilovu da, yəhəri də par-par parıldayırdı, deyəsən onlar qızıldan idi. O biri atlılar da geyimli-keçimli idilər, amma onlar bir o qədər seçilmirdilər. Dərviş Baba bunları görüb dedi:

- Bunlar padşah və onun adamlarına oxşayır, yəqin kef eyləməyə gəlirlər... 

Çox keçmədi ki, atlılar gəlib İsfəndiyargilin bərabərinə çatdılar. Onların səsləri artıq açıq-aydın eşidilirdi. Hamı qırmızı geyimli atlıya, şəhzadə sağ olsun, deyə müraciət edirdi. Onların hamısı gənc idilər.

- Bu şəhzadə və onun dost-aşnalarıdı, - Dərviş Baba sakit səslə dilləndi. 

- Hə, Dərviş Baba... -İsfəndiyar dedi. - Padşah yəqin şəhərə hücum edir...

Atlılar arabadan xeyli aralanmışdılar. Şəhzadə atını saxlayıb lovğa-lovğa onları söyüb, qışqırdı:

- Ey, siz istəyirsiniz ki, mən sizin dərinizə saman səpəm?! Tez eləyin, gəlin bizə çatın! - Bunu deyib şəhzadə aşnalarına əmr etdi, - Gedin onları qamçılayın, qoy tez gəlsinlər!

Atlılardan bir neçəsi dərhal atlarını arabaya tərəf çapdılar və xanəndələri qamçılayıb təhqir elədilər.  Araba tezliklə gəlib onlara çatdı və xanəndələr bir neçə qamçı da şəhzadənin özündən yedilər.

- Çalın, lap ucadan çalın! - deyə o, yenə söyüb əmr elədi. Sonra atını düzənliyə tərəf çapdı. Şəhzadə gah atını çapır, gah da dayanıb uçan quşlara ox atırdı. Dost-aşnaları isə onun ətrafında onu tərifləməkdən yorulmurdular və onun xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxırdılar. Bu zaman gözlənilməz hadisə baş verdi, otların arasından  qara bir bəbir sıçrayıb atlıların üstünə atıldı!  Atlar bu qəfil hadisədən hürküb hərəsi bir tərəfə dağıldı və atlıların çoxu atdan yerə yıxıldı. Şəhzadənin atı isə sıldırım qayalara tərəf götrüldü. Bəbir  nədənsə məhz onun dalınca qaçdı, görünür qırmızı rəng onu qızışdırmışdı! Şəhzadə nə qədər elədisə atın başını yığa bilmədi və at gedib qayadan uçdu! 

Bu həmin qaya idi ki, padşahın zülmünə tab gətirməyən zavallılar gəlib burdan özlərini  atırdılar!

İsfəndiyar atın qayadan uçduğunu görəndə qeyri-ixtiyari olaraq qışqırdı. Dərviş Baba tez onun ağzını tutub dedi:

- Sakit ol, padşah sağ olsun, bizi görərlər! 

Amma xöşbəxtlikdən heç kim onun səsini eşitməmişdi. Hərə öz hayında idi! Kimi axsaya-axsaya öz atının dalınca qaçır, kim isə yerindən qalxa bilməyib qışqıraraq kömək istəyirdi. Yalnız xanəndələr  tez arabadan düşüb şəhzadənin dalınca qaçdılar və onlardan biri yerə düşən ox-kamanı götürüb bəbiri nişan alıb atdı və onu öldürdü. Sonra onlar uçrumun kənarına gəldilər və onun dərin olduğunu görəndə ağlayıb özlərini döyməyə başladılar. Şəhzadənin aşnalarından da bir neçəsi uçruma yaxınlaşdı və onlar da atlarından düşüb aşağı baxdılar. Onlar da görəndə ki, uçrumun dibi görünmür xanəndələrə qoşulub, vay şəhzadə, deyib, qışqıra-qışqıra ağladılar. Yalnız bir nəfər aşağı düşməyə cəhd elədi, amma burdan aşağı düşmək mümkün olmadığını biləndə atını minib geri, çadırlara doğru çapdı.

- Uçrum çox dərindi? - deyə Dərviş Baba İsfəndiyardan soruşdu.

- Hə, Dərviş Baba, çox dərindi! - İsfəndiyar özünə gəlib cavab verdi. - Padşahın zülmünə dözməyənlər gəlib burdan özlərini atırlar... 

- Ora yol varmı?

- Hə var. Ora ancaq meşənin içi ilə getmək olur - İsfəndiyar dedi, sonra da əlavə elədi - ya da gərək lap uzun kəndir tapıb qayanın başından sallanasan...

- Gedək ora! - Dərviş Baba dedi  və onlar birlikdə uçrumun dibinə yollandılar. Onlar meşənin içi ilə  gəlib qayanın dibinə  çatdılar və dəhşətli mənzərənin şahidi oldular - şəhzadə beli üstə iri bir kötüyün üstünə düşüb elə ordaca qalmşıdı. At isə daşlıq yerə düşüb bir neçə yerə parçalanmışdı. Dərviş Baba şəhzadəyə yaxın gəlib çöməldi və qulağını onun sinəsinə qoydu. Bir qədər sonra başını qaldırıb dedi:

- Ölüb, ürəyi vurmur... Beli sınıb deyəsən... Mən padşahlara nifrət edirəm - o, meyidə baxa-baxa köksünü ötürdü, - amma indi nədənsə buna yazığım gəldi! 

- Mənim də yazığım gəldi, Dərviş Baba, - İsfəndiyar da kədərlə dedi.

Dərviş Baba yerindən durub getmək istədi, amma nədənsə gözünü meyitdən çəkə bilmədi və bir qədər sonra üzünü İsfəndiyara çevirdi.

- Padşah sağ olsun, - dedi, - şəhzadə necə də sənə oxşayır, elə bil bir almanı yarı bölüblər...

İsfəndiyar yaxın gəlib maraqla şəhzadənin sifətinə baxdı. O, bir qədər kənarda durmuşdu, nədənsə meyidə yaxın gələ bilmirdi. Dərviş Baba nə isə fikirləşib İsfəndiyara buyurdu:

- Paltarlarını soyun! 

- Niyə? - İsfəndiyar heç nə başa düşmədi.

- Soyun, soyun! - Dərviş Baba təkrar elədi. - İndi şəhzadə sən olacaqsan..!

İsfəndiyar Dərviş Babanın nə etmək istədiyini başa düşdü və soyunub şəhzadənin paltarlarını geydi. Dərviş Baba bu zaman gözlənilməz bir hərəkət etdi, - o, yerdən bir daş götürüb İsfəndiyarın sifətinə vurdu! İsfəndiyar, ay ana, deyib zərbəyə dözmədi və yerə yıxıldı. O, bir qədər sonra özünə gəlib gözlərini açdı və ağzının-burnunun qanını silə-silə Dərviş Babaya baxdı. 

- Sən nə etdin, Dərviş Baba?!

- Eybi yox, padşah sağ olsun, bir qədər dözərsən, sonra keçib gedər! Sənin sifətin indi şişib tanınmaz olacaq, hamı elə biləcəkdir ki, sən həqiqətən şəhzadəsən!- Bunu deyib, Dərviş Baba İsfəndiyarı kötüyün üstə uzatdı və sözünə davam elədi. - İndi mənə qulaq as, dediklərimi yaxşı-yaxşı yadında saxla! Əgər onlara əməl eləsən həqiqətən padşah ola bilərsən! Səni bir qədər sonra gəlib burdan aparacaqlar. Sən  özünü huşsuzluğa vurarsan. Hava qaralanda isə mən çadırlara yaxınlaşıb ucadan qəsidə oxuyacam, sən yəqin ki, ordakı çadırların birində olacaqsan. Onda ayılıb əmr edərsən ki, məni sənin yanına gətirsinlər. Orda mənə oxumağı əmr edərsən və elə edərsən ki, mən yanında qalım! Bildinmi?! Di hələlik, padşah sağ olsun, dediklərimi unutma!

Bunu deyib Dərviş Baba onun üzündən öpdü, sonra şəhzadənin meyidini çiyninə götürüb ordan uzaqlaşdı.

Bəli, Dərviş Baba kolların yanına qayıdanda artıq qayanın başına xeyli əsgər, pəhləvan toplaşmışdı. Onlar nə qədər əlləşirdilərsə qayanın dibinə düşə bilmirdilər. Axırda  bir xeyli kəndir gətirib bir-birinin ucuna bağladılar və pəhləvanlardan birini uçrumun dibinə salladılar. Çox keçmədi ki, İsfəndiyarı ordan çıxardılar və onun sağ olduğunu görüb sevinclə ağlamağa, qışqırmağa başladılar. Sonra da onu arabaya uzadıb çadırlara doğru apardılar. Bütün bunların hamısını Dərviş Baba kolların arxasından izlədi və hava qaralanda  çadırlara tərəf yollandı. O, qırmızı çadırın arxasında dayanıb qəsidə oxumağa başladı və çox keçmədi ki, bir neçə silahlı əsgər gəlib onu qamarlayıb sürüyə-sürüyə çadırın içinə apardılar. Dərviş Baba yanılmamışdı, İsfəndiyar burda idi, o qızıl çarpayıda uzanmış, onun üzünə loğmanlar məlhəm qoyub sarımışdılar.  Dost-aşnaları isə çarpayının ətrafında diz çöküb ağlayırdılar. Bircə başında dəmir dəbilqə, əlində qızıl dəstəkli  qamçı olan ucaboy döyüşçü ayaq üstə idi. O, ordunun sərdarı idi. Sərdar qamçı ilə şəhzadənin aşnalarını vurur və onları təqsirkar hesab edirdi.

- Hamınızın boynunu vuracam, hamınızın! baxmayacam ki, siz vəzirin-vəkilin uşaqlarısınız! - o, qəzəblə deyirdi. - Allaha yalvarın ki, şəhzadəyə bir şey olmasın, yoxsa bütün nəslinizi-kökünüzü qıracam!

Əsgərlər Dərviş Babanı sərdarın ayaqları altına atdılar! Sərdar qəzəblə ondan soruşdu:

- Sən kimsən?!

- Mən dərvişəm, ey pəhləvanlar pəhləvanı, - Dərviş Baba diz üstə durub başını yerə qoydu. - Allahın yolu məni gətirib sənin mübarək hüzuruna çıxarıb!

Sərdar nə isə demək istədi, amma İsfəndiyar birdən özünə gəlib  zəif səslə dedi:

- Oxu...

Bunu görən şəhzadənin dost-aşnaları sevinclə ağlaşmağa başladılar və sürünüb onun ayaqlarını-əllərini öpdülər. Onlar ona görə sevinirdilər ki, şəhzadənin huşu özünə qayıdırdı. Sərdar yenə onları qamçılayıb kənara qovdu. Burda diz üstə dayanan bir neçə loğman da vardı, yalnız onlar İsfəndiyara yaxın gəlib onun əllərini-ayaqlarını ovxalaya bildilər. İsfəndiyar yenə əmr elədi:

- Oxu...

Dərviş Baba sərdarın üzünə baxıb onun nə deyəcəyini gözlədi. 

- Oxu! - deyə o, da əmr edəndən sonra Dərviş Baba oxumağa başladı. Bu zaman loğmanlardan biri sərdarın qulağına nə isə dedi. Sərdar yenə şəhzadənin aşnalarını qamçılamağa başlayıb qışqırdı:

- Rədd olun burdan, qorxaq tülkülər!

Şəhzadənin aşnaları dizi üstə sürünə-sürünə çadırı tərk elədilər. Onlar gedən kimi, sərdar özü çarpayıya yaxınlaşıb diz çökdü və başını İsfəndiyarın sinəsi üstə qoyub ağlamağa başladı:

- Sənə qurban olum, ey şəhzadə, sağal! - deyib yalvardı. - Sən sağalmasan mən atana nə cavab verəcəm?! O mənim bütün nəslimi-kökümü yer üzündən sildirəcək!

Sərdar bir xeyli ağlayandan sonra  sakitləşdi və  yerdən oturub kürəyini çarpayıya söykədi. O, deyəsən çox yorulmuşdu, elə beləcə də oturaqlı vəziyyətdə yuxuya gedib ucadan xoruldamağa başladı. Dərviş Baba isə gah Quran, gah da qəsidə oxuyurdu. Loğmanlar şəhzadənin yatdığını zənn edib Dərviş Babanı qovmaq istədilər. Bunu görən İsfəndiyar yenə, oxu, deyə əmr elədi. Loğmanlar ondan əl çəkib daha heç nə deyə bilmədilər. 

Beləcə səhər açıldı və şeypurların, davulların səsi aləmi başına götürdü. Yenə şəhərə hücum başladı. Sərdar oyanıb şəhzadənin əlindən-ayağından öpdü, loğmanlara isə təpinib çadırdan getdi. O, gedən kimi, şəhzadə özünə gəlib yemək istədi. Loğmanlar onun üzünün sarğısını açıb ona şorba içizdirdilər, sonra yaralarına məlhəm qoyub yenidən sarıdılar. Onlar Dərviş Babaya da yemək verdilər və sonra yenə də şəhzadəni ovxalamağa başladılar. Şəhzadə bundan təngə gəlib onları qovdu, Dərviş Babaya isə yenə, oxu, deyə əmr elədi. Loğmanlar baş əyib gedən kimi Dərviş Baba İsfəndiyara dedi:

- Padşah sağ olsun, necəsən?

- Üzüm yaman ağrıyır,  - deyə o, zəif səslə şikayətləndi.

- Eybi yox, inşallah tezliklə sağalarsan! - Dərviş Baba dönüb geriyə baxdı, heç kəsin gəlmədiyini görüb arxayınlaşdı və soruşdu - bəs padşah hardadır?

- Padşah özü gəlməyib, şəhzadəni göndərib...

- Nə yaxşı! -  Dərviş Baba sevindi. - Allah özü bizə kömək edir, padşah sağ olsun! - O, bunu deyib yenə geri baxdı və sözünə davam elədı. - İndi mən sərdarı sənin adından bura çağıracam, o gələndə, ona deyərsən ki, babam yuxuma girmişdi və huşunu itirərsən! Sonra ona nə dediklərimə diqqətlə qulaq asıb yadında saxlayarsan!

Bunu deyib Dərviş Baba yenə bir qədər qəsidə oxudu, sonra çadırdan çıxıb gözətçilərə dedi ki, şəhzadə özünə gəlib, sərdarı çağırır. Sərdar çox keçmədi ki, çadıra gəldi və dizi üstə sürünə-sürünə şəhzadənin çarpayısına yaxınlaşdı:

- Qulluğunda hazıram, ey hökmdar, buyur, nə istəyirsən əmr et!

- ...Babam yuxuma girmişdi...  - İsfəndiyar ona dedi və Dərviş Baba necə demişdisə elə də edib huşunu guya itirdi. Sərdar heç nə başa düşməyib Dərviş Babaya baxdı. Dərviş Baba diz çöküb sərdara dedi:

- Sərdar sağ olsun, şəhzadə dedi ki, babam yuxuma girib  dedi ki, şəhərə yeraltı yol var... Ordan padşahın sarayına girmək olar...

Bunu eşidən sərdarın gözləri kəlləsinə çıxdı.

- Necə yəni, babası ona yuxuda deyib?! Yəqin sayaqlayırmış... - bunu deyib sərdar ucadan ağlamağa başladı.

- ...Günbatanda... palıd ağacı... - İsfəndiyar  özünə gəlib bu sözləri də dedi və gözlərini yumdu.

Sərdar ağlamağına ara verib şəhzadənin üzünə baxdı və heç nə başa düşmədi. Onun yenə huşunu itirdiyini görüb Dərviş Babadan soruşdu:

- Ayrı nə dedi şəhzadə, ey məzlum?

- Dedi ki, babam deyir ki, sənə köməyə gəlmişəm, sərdar sağ olsun! - o, bir qədər susub sözünə davam elədi. - Bəlkə şəhzadəyə Allah özü vergi verib? 

Bu sözlər sərdarın ağlına batdı, o, şəhzadənin ayaqlarını öpməyə başladı.

- Qədəmlərinə qurban olum, ey şəhzadə! - dedi, - babanın da ruhuna qurban olum! O, bir də gələndə ondan dəqiq öyrən gör yeraltı yol hardadı!

- ...Boz qayalar... palıd ağacı... - İsfəndiyar yenə özünə gəlib zəif səslə dedi.

Sərdar sevinib yerindən durdu.

- Mən elə bu dəqiqə o palıd ağacını axtararam! Günbatanda...Boz qayalar! - sərdar sanki yadında qalsın deyə bu sözləri bir neçə dəfə təkrar etdi. - İndi gedirəm!

Sərdar tələsik çadırdan çıxdı. Şəhzadənin aşnaları bura yığılıb onu görmək istəyirdilər. Lakin sərdar onları qovub içəri buraxmadı və bir bölük əsgər götürüb yeraltı yolu axtarmağa getdı. Sonra loğmanlar çadıra gəldilər. Onları isə İsfəndiyar özü qovdu və o, Dərviş Baba ilə tək qaldı.

Dərviş Baba  İsfəndiyara sərdar qayıdanda nə demək lazım olduğunu öyrətdi. Yalnız günorta Sərdar  qayıdıb gəldi. O, sanki bir dəli ayğır kimi çadıra girib diz çökdü və sürünə -sürünə şəhzadəyə yaxınlaşdı.

- Sənə həqiqətən vergi verilib, ey hökmdarım! - o, ucadan dedi və şəhzadənin ayaqlarını öpməyə başladı. - Həqiqətən bu şəhərə yeraltı yol var! Mən onu tapdım! Mən onu tapdım! Qədəmlərinə qurban olum, ey şəhzadə, səni Allah özü bu əziyyətinə görə mükafatlandırıb! Bu gecə mən bu şəhərin mənfur padşahını ələ keçirib onun başını qızıl təşnədə sənin hüzuruna gətirəcəm!

- ... Babam dedi ki, qoy sərdar padşahı əsir götürsün, - İsfəndiyar guya yenə özünə gəldi və  yuxusunu danışmağa başladı. - Amma rəiyyətə toxunmasın...

- Oldu, oldu, babana da qurban olum, sənə də qurban olum... - Sərdar dedi. - O, necə deyibsə elə də edərəm...!

- ...Xəzinənin də yarısını götürərsən və geri, atamın yanına qayıdarsan...

- Baş üstə, baş üstə, şəhzadə sağ olsun! Hər şey baban deyən kimi olacaq!

-...Padşahın qızını mənə alarsan, məni də burda padşah elan edərsən...

- Onu da edərəm, ey şəhzadələr şəhzadəsi! - sərdar İsfəndiyarın əlindən-ayaqlarından öpə-öpə dedi.

Bəli, həmin gecə sərdar yeraltı yolla padşahın sarayına soxulub onu da, onun yaxınlarını da əsir götürdü. Sonra şəhər darvazalarını açıb öz qoşunlarını şəhərə buraxdı. O, İsfəndiyarın "babasının dediyi kimi" qoşuna əmr elədi ki, rəiyyətə toxunmasın! Səhər açılanda isə şəhər camaatını meydana yığıb onların gözü qarşısında İsfəndiyarı təxti-taca oturtdu və onu şəhərin hökmdarı elan etdi! Sonra isə şəhərdə yeddi gün, yeddi gecə toy çaldırdı, padşahın qızını İsfəndiyarla evləndirdi! Toy sona yetdikdən sonra o əsir aldığı padşah və yaxınlarını,  xəzinənin də yarısını götürüb geri döndü. Şəhər İsfəndiyarla Dərviş Babaya qaldı və onlar burda hökmranlıq etməyə başladılar! 

O gündən şəhərdə haqq-ədalət hökm sürdü, - vergilər azaldıldı, yollar çəkildi, körpülər salındı. Darğanı isə İsfəndiyar tapa bilmədi, deyilənlərə görə o, qəfil oxa rast gəlib cəhənnəmə vasil olmuşdu. Beləcə bir xeyli müddət keçdi. Bir gün İsfəndiyarın yanına onun "atasının" göndərdiyi qasid gəldi və xəbər gətirdi ki, bəs atan sənə qonaq gəlmək istəyir, deyir qoy oğlum filan vaxt mənim pişvazıma çıxsın! Bu xəbər İsfəndiyarın qanını qaraltdı, o qorxdu ki, atası, anası onun yad adam olduğunu biləcəklər! İsfəndiyarın tutulduğunu görən Dərviş Baba tez işə qarışdı:

- Nə xoş xəbər! - o, ucadan dedi. - Bu xoş xəbər üçün qasidə ənam ver, padşah sağ olsun!

İsfəndiyar könülsüz xəzinədara buyurdu ki, qasidə ənam versin. Sonra Dərviş Babayla tək qalanda həyəcanını gizlətmədi.

- Atam, anam məni tanıyacaqlar... -  dedi.

- Narahat olma, padşah sağ olsun, - Dərviş Baba ona yenə ürək-dirək verdi. - Sabah qasidi çağırtdırıb deyərsən ki, babam yuxuma girib dedi ki, qoy atan öz şəhərindən heç yana getməsin, yoxsa fəlakət baş verər, təxti-tacı itirər... Elə bu xəbərlə də günü sabah qasidi geri göndərərsən!

İsfəndiyar  Dərviş Babanın bu tədbirindən çox sevindi və o, necə demişdisə elə də elədi. Qasid başı alovlu geri qayıdası oldu.

Beləcə İsfəndiyarla Dərviş Baba şəhərdə hökmdarlıq elədilər və insanları xoş günlərə çıxardılar!

 

 

                                                                   

 

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...