Bildiyimiz kimi 1 Dekabr Ümumdünya AIDS-lə mübarizə günüdür.
HIV/AIDS-dən qorunmağın yeganə yolu profilaktikadır.
Profilaktikanın yeganə yolu isə maarifdir (IFMSA-SCORA).
HIV/QİÇS saysız-hesabsız insanların həyatını alan, onların normal yaşayışını mümkünsüz edən qlobal bəladır. HIV – insanın immun çatışmazlıq virusudur ki, bu da yoluxmuş şəxslərdə QİÇS – qazanılmış immun çatışmazlıq sindromunu törədir. QİÇS cinsi yolla ötürülən infeksiyalar arasında ən təhlükəlisidir.
Bu günə kimi 40 milyon insan HIV-ə yoluxmuş, 25 milyon insan bu QİÇS-dən həyatını dəyişmişdir. Təkcə 2006-cı ildə 4.3 milyon insan HIV ilə yoluxmuşdur və bu rəqəm get-gedə yüksəlməkdədir. Təəssüf ki, ölkəmiz də bu bəladan kənarda qala bilməmişdir. 2008-ci ilin Oktyabr ayına olan məlumata görə Azərbaycanda qeydiyyatda olan HIV-ə yoluxmuş şəxslərin sayı 1708-dir. Ölkəmizdə HIV/QİÇS -in, eləcə də digər cinsi yolla keçən xəstəliklərin gənclər arasında yayılma riski yüksək hesab edilir. Bunun əsas səbəblərindən biri gənclər arasında HIV/QİÇS və reproduktiv sağlamlıqla bağlı biliklərin lazımi səviyyədə olmamağıdır. Bu problem təhsildən kənarda qalan yeniyetmə və gənclərimiz arasında daha ciddidir.
QİÇS – hamının problemidir. Virus insanları sosial statusuna görə yox, həyat şəraitinə və vərdişlərinə görə seçir və hər birimiz bu xəstəliyə tutula bilərik.
Xǝstǝlik necǝ keçir vǝ onun qarşısı necǝ alına bilǝr?
HIV (İİV) yoluxma yolları
• Qorunmamış cinsi əlaqə (həm spermada, həm də uşaqlıq yolu möhtəviyyatında)
• Hamiləlik və əmizdirmə zamanı (yoluxmuş ana uşağını döşlə əmizdirməməlidir)
• Yoluxmuş qan köçürüldükdə (bütün donor qanları yoxlanılmalıdır)
• Qeyri-steril tibbi alətlər (məsələn, ümumi şprislə narkotiklərin inyeksiyası)
• Manikür dəsti, diş fırçası, üzqırxan, tatuaj və pirsinq (alətlər sterilizasiya edilmədikdə yoluxma baş verə bilər)
• Süni mayalanma zamanı
Təhlükəsiz hallar
İndiyə qədər HIV-in bu yollarla ötürülməsinə rast gəlinməmişdir.
• HIV-li şəxslə ünsiyyətdə olmaq
• Əl verib görüşmək, qucaqlaşmaq
• Qapı və nəqliyyat tutacaqlarından istifadə
• Ümumi qab-qacaqdan istifadə
• Müxtəlif həşəratların dişləməsi
• Ümumi hamam, ayaqyolu və hovuzdan istifadə
• Qida və hava yolu vasitəsilə