Kaş, gözümüzü dünyaya açanda qəhrəmanmı deyək, xariqüladə qüvvəmi deyək, qadınmı deyək, bütün həyatımızın pasibanı, şərəfi olacaq “ANA” adlı o mələyin üzündəki, ürəyindəki fərəhi görüb, duyub, yaddaşımızda saxlaya biləydik.
Kaş 9 ay öz bətnində olsaq da, bu 9 ayın hər gününü, hər saatını, hər dəqiqəsini, hər saniyəsini belə əlləri bizə doğru uzanılı qalan, ona bəxş edəcəyimiz “ANA” adı üçün bu 9 ayı kiprikləri ilə od götürən, bizi ən etibarlı bir “sığınacaqda”- ana rəhmində hər cürə təhlükələrdən: soyuqdan, istidən, qardan, küləkdən qoruyan o nurlu mələyin həmin anda hisslərini ölçə, çəkə biləydik.
…Hardan ağlımıza gələydi bunlar?! Onda biz lüt - “ətcəbala” öz haray-həşirimizdə olanda, o nurlu mələklər də xəyalların qanadlarında uçurmuşlar… Atalarımıza – özlərindən də üstün bildikləri daha bir yaraşığı - bizi çatdırmağa qanadlanırmışlar…
…Analar bütün ömürləri boyu övladlarının böyüyüb boya-başa çatması üçün yanmaqda davam edirlər, “yoruldum”, “usandım” demədən. Təsəvvür edin, uşaqlar gün ərzində 12 min söz deyir, 920 sual verirlər. Bütün bunları səbirlə dözərək dinləyən, qayğıyla da cavab verən yalnız analar ola bilərlər.
Kim bunları düşünüb qiymətləndirirsə (Deyirlər ki,bir məşhur dövlət xadimi 48 il ərzində hər gün anasına məktub yazırmış), kim müqəddəs dinimizdə deyildiyi kimi valideynlərinə hələ sağlığında ikən qayğı və nəvaziş göstərirsə, eşq olsun onlara .
Hörmətli forumdaşlar, Məhəmməd Peyğəmbərin (ə.s) “Cənnət anaların ayaqları altındadır” öyüdü də bu münasibətlə söylənilmişdir. Deyin, bu öyüddəki “anaların ayaqları altı” fikrini necə başa düşürsünüz?