Görüşə gedəndə neyləmək lazımdır?
Əvvəlcə geyinib-kecinmək lazımdır. Saçınızı jeleləsəz də olar, arxaya. Qara eynək taxın. Taxın ki, yalan danışanda gözünüzün içinə baxsalar, yalanı ordan oxumasınlar, paxırınız açılmasın. Ayaqqabılarınızı mütləq təmizlətdirirn, qoy parıl-parıl yansın. Qızlar buna xüsusi diqqət verir. Saatınız bahalı olmalıdır. Dəri barsetka və portmone də həmçinin. Boynunuzda çalışın zəncir olsun, ya qızıl, ya gümüş. Ümumiyyətlə, əsl kişi gümüşə üstünlük verir, çünki gümüş kişi metalıdır. Zəncirdə amuletin olması məqbuldur. Çalışın ağzınızda qızıl diş olmasın. Varsa qoparın, görüşdən sonra taxarsız. Siz indi təəssürat oyatmalısız, Maço təəssüratı, qızıl dişin yeri deyil. Ona görə artıq detallarınızı evdə qoyun.
Bığ, saqqal........mübahisəli məsələdir. Havadan və ovqatınızdan asılı olaraq, saxlaya da bilərsiz, saxlamaya da. Qızın bığdan xoşu gəlir ya yox, onu heç soruşmayın. Onun sizin bığlarınızda nə işi var?! Bığ – papaq kimi şeydir, əsl kişi atributu.
Görüşdən 2 gün qabaq sarımsaq yeməyin. Ayıbdı.
Əgər siz farmazonsuzsa, onda sizin üçün “ponyatka”ların heç bir əhəmiyyəti yoxdur, demək. Tüpürün hər şeyə və başlayın üzünüzün dərisinə xüsusi diqqət yetirməyə. Kişi kosmetikasından sağa-sola istifadə edə bilərsiz. Təkcə grooming-lə kifayətlənməyin, yox. Bu saat gözəllik və kosmetika industriyası iri addımlarla irəliləyir, kişi xəttlərinin istehsalı ilə məşğul olan keyfiyyətli brendlər var.
Təmizləyici losyon-energetik, muss, nəmləndirici zərdab, korrektor, göz üçün antistress gel (qızı görəndə sizin gözləriniz dərin stress keçirə bilər, ona görədir bu gel), göz ətrafı üçün ultra-liftinq və qırış əleyhinə kremlər (görüşə qırışlarla gedə bilməzsiz ki...), yumşaldıcı əl kremi (bu, son ştrixdi, obrazı tamamlamaqçun).
Əgər VİP qrupuna daxilsizsə, onda selektiv kosmetika sizin tam sərəncamınızdadır: vitaminləşdirilmiş gecə kremləri, maskalar, SPA-vasitələri və s.və il.
Sizlər üçün dekorativ kosmetika da artıq işlənib-hazırlanıb. L'Oreal-ın kişi pudraları üzdəki çapiqları əntiqə gizlədir. «Мужчина со шрамом» qədim vaxtların delikatesi idi. İndi dövran dəyişib və sizin çapıqlarınızdan daha heç kimin dizləri əsmir. Və nəhayət, göz üçün karandaş “Guyliner” və “Manscara” tuşları. Bax belə.......düşünürəm, gözəlləşməniz üçün bunlar yetər.
Özünüzə “Kişinin kosmetika nəyinə lazımdır?” kimi gülünc suallar verməyin. Kişi bəyəm adam deyil??! “Kişi üçün ən gözəl kosmetika gözünün altındakı finqaldı” deyən axmaqlara da inanmayın. Onlar daş əsrindən qalıb, sizsə müasirsiz.
Qaldı parfüm, onu öz öhdənizə buraxıram. Mən, məsələn, Bugatti-yə üstünlük verirəm.
Yox, əgər bütün bunlar sizin üçün dəhşətli və yad bir şeydirsə və siz kələ-kötür, üst-başından siqaret iyi gələn əsl kişisizsə, onda kosmetika ilə bağlı deyilənlərin sizə dəxli yoxdu, boş verin, getsin.
Söz düşmüşkən, siqaret. Elə qızlar var ki, siqaretin dəlisidir, tütün onlara narkotik təsiri bağışlayır. Əgər siz çəkənsizsə və o da belələrindəndirsə, onda siz bir-biriniz üçün tapıntısız.
Münasibətlər. Əgər siz onu istəyirsizsə, osa sizi yox, onda görüşdən qabaq bəzi tədarüklər görülməlidir. Məs.,falçıya getməniz məsləhətdir, «приворот» üçün. Ya da pirə gedin, nəzir-filan...
Gəlib çıxdız, tutalım. O da gəldi. Xoş-beş, on beş. Çalışın, əsasən özünüz danışasız. Ümumiyyətlə, qoyun elə bu başdan adət eləsin sizin monoloqunuza.
Söhbət əsnasında tez-tez toxunun ona. Çiyninə, əllərinə, dizlərinə - özü də naqəfil. Qoy qorxsun sizdən, ürəyi getsin dabanlarına. Hərdən çənəsindən tutub qaldırın və deyin: “Mən danışanda istəyirəm gözümün içinə dik baxasan. Sən niyə gözlərini qaçırdırsan məndən? Bəlkə bir gizli işin var? Heç kəsə deməyəcəyəm, sənin canınçun, deməyəcəyəm. Aramızda qalacaq.” Əgər susub dinməsə, ya and-aman eləsə ki, heç bir gizli iş-filan yoxdu, inanmayın ona, bilin ki, aldadır sizi. Qadınlara inanmaq olar?! Ümumiyyətlə, bəri başdan göstərin ki, siz çox qısqanc, dəlisov, başdanxarab, kobud skeptiksiz. Qoy bilsin. Bu başdan... Yəni şərti şumda kəsmək lazımdır ki, sonra xırmanda davanız düşməsin.
Əgər sizinkilərlə bir yerdə yaşayacaqsızsa, onda sizinkilərin ağır və barışmaz xasiyyətindən tez-tez danışıb, gözünün odunu alın bu başdan. Sonra da anladın ki, bu vaxta qədər yaşadığı həyatı büküb, üstündən bir qırmızı lentlə bağlayıb qoya bilər balışının altına. İndən sonra onun ixtiyarı sizin əlinizdədir və ona lazımdır neyləmək? Bəli, bəli, çalınan havalara oynamaq – aranjimansız, deyilənlərə dinməz-söyləməz əməl etmək, hətta siz yüz faiz yanlış fikirdə olsanız belə....
Siz ona bu başdan izah eləməlisiz ki, siz uşaq həsrətindəsiz. Və o doğulanın bütün parametrləri – çəkisi, boyu, hətta gözlərinin və dərisinin rəngi də sizin tələbinizə uyğun olmalıdır, və ümumiyyətlə uşaq sizə oxşamalıdır, çünki siz sifarişçisiz. Minimum 4 övladınız olmalıdır, aralarındakı fasilə 1 ili aşmamaq şərtilə. Hər cinsdən ikisi. Heyrətdən gözləri ovcuna düşsə, siz də eyni jesti təkrar edərsiz və səsinizi qaldırarsız: Bəs onda mənim bu həngamə nəyimə lazımdır? Mənim planlarım var və onlar mütləq həyata keçməlidir, məhz mən istəyən tərzdə. Artıq sözlərə ehtiyac yox – deyərsiz.
Bax belə. Əvvəldən gözünün odunu almaq lazımdır.
Daha sonra onun geyiminə də bir “əl gəzdirərsiz”, saçının tağına, meykap və s., dırnaqlarının uzunluğuna qədər.....hər şeyə. O axı sizinkidir! Ona başa salarsız ki, mini-şmini, leqqins, kokteyl paltarları qaldı atası evində. İndi onun əsgərliyi başlayır......ta ömrünün axırına kimi. Qoy bilsin.
Qısqanclıq, simiclik və «рисовка»lıq çox vacib məqamdır. Onların üstündə xüsusi dayanmaq lazımdır.
Küçə ilə gedirsiz, tutalım. Gözünüzə sataşan hər elektrik dirəyinə (it-pişiyə də olar) gözəlinizi qısqanmağı unutmayın. Unutmayın ki, sizin gözünüz dirəyə sataşdığı kimi, dirəyin də “gözü” sizin passiyanıza sataşır. Ona görə dirəklərdən uzaq tutun onu. Sonra başlarsız atasına, qardaşına, yaxın rəfiqələrinə də qısqanmağa. Və beləliklə, onu yavaş-yavaş uzaqlaşdırarsız hər şeydən, ailəsindən, doğmalarından, əzizlərindən, işindən. O sizindir!
Portmoneni onun yanında çıxartsaz, çalışın, içindəki pulları görsün. Əgər içi boşdursa, birindən 2-3 saatlıq iri kupyurlar alın, qoyun, sonra qaytararsız. Unutmayın, təəssürat oyatmalısız!
Bir yerə getsəz, çalışın, bacardıqca az xərcləyin. Qoy bilsin ki, siz bədxərc deyilsiz. Sizinkilərə tapşırın, tez-tez onunkulara desinlər: Oğlumuzun cibindəki yevrolardan bir özünün xəbəri var, bir də göydəkinin. Allahsaxlamış stakanı qaldıranda da altından pul çıxardır. Qoy öyünsünlər sizinlə, bu çox təsirli vasitədir, adamın başıni uca edir. O tərəf də bilsin ki, analar oğullar doğub.
Bu, əsas qaydalar idi. Qalanı sizin vicdanınızdan, ....ah yox, vicdanın bura bir dəxli yoxdur, fantaziyanızdan asılıdır. Lütfən unutmayın: Nə edirsiz edin, ancaq təəssürat doğurun onda, yaxşı ya pis – bu önəmli deyil, əsas odur ki, dərin olsun.
Vualya........