Ölkə ərazisində hərəkət məhdudiyyətli insanların istifadəsi üçün uyğunlaşdırılmış nəqliyyat vasitələrinin olmaması bu kateqoriya insanların sərbəst hərəkətini qeyri-mümkün edir. Bu vəziyyət onların cəmiyyətdən tam təcrid edilməsinə və nəticədə həyat keyfiyyətinin daha da pisləşməsinə səbəb olur. Mövcud nəqliyyat problemi sözsüz ki, digər problemlərin də həllini çətinləşdirir. Belə ki, nəqliyyata çıxışın olmaması əlil arabası istifadəçilərinin siyasi, ictimai, mədəni həyatda iştirak etmək, təhsil almaq, tibbi xidmətlərdən yararlanmaq, əmək fəaliyyətinə qoşulmaq, şəxsi həyatlarını qurmaq, asudə vaxtlarını və istirahətlərini təşkil etmək və idmanla məşğul olmaq imkanlarını sıfıra endirir. Bu, həm də əlil arabası istifadәçilәrinin mövcud potensialından istifadə edilməsi, bacarıqlarının dəyərləndirilməsi, onlara peşə vərdişləri aşılanması, güzəranlarını qazanmaq imkanını və onların özlərini cəmiyyətdə tamdəyərli insan və vətəndaş kimi görməsi və təsdiq etməsi ehtimalını da qat-qat azaldır.