QP əllərini bir-birinə çırpıb, “inanılası deyil, ama şükür, qurtulduq” dedi və yüksək əhvali-ruhiyyə ilə yoluna davam etdi. Əvvəlki qayda ilə atıla-atıla gedir, öz bəstəsini zümzümə edirdi ki, ürəkyaxan bir inilti eşitdi. Dönüb arxasına baxanda sürünə-sürünə gələn qurdu gördü, təşvişdən yenə ateistliyi yadından çıxdı.
- La ilahə... yo, bu qurd deyil, yerlər-göylər., bunun canı it canıdır ki var..
QP-ın dayanıb-durduğunu görən qurd ölüm-zülüm yerdən qalxıb, ona tərəf gəlməyə başladı. Bərk axsayırdı, bir əli ilə sınmış quyruğunu saxlayır, o biri əlini böyründəki yaranın üstünə basıb hövlnak özünü QP-a çatdırmağa tələsirdi. Başı şişib dəhşətli görkəm almış, qaşı neçə yerdən çapılmış, qulağı cırılmışdı.
Onu bu vəziyyətdə görən QP özünə nifrət etdi. Yox, əvvəlcə bu meşəyə nifrət etdi, sonra yerə-göyə, sonra taleyinə, nənəsinə, lap axırda da özünə.
- uyy... – bundan başqa bir şey deyə bilmədi, eləcə içini çəkib durdu.
Qurd onun bərabərinə yetişib dayandı, əlini parça-parça olmuş şalvarının cibinə salıb bir bıçaq çıxartdı.
QP bıçağı görüb istədi qəşş eləsin, amma işin sonunu gözləməyi qərar verib, səbrini basdı.
Qurd qənşərdəki ağaca yaxınlaşıb, gövdəsinə cızmağa başladı:
- Səni aləmdə gəzdim, gəzdim..., çox gəzdim.” – sonra dönüb kədərli baxışlarla QP-ı süzdü, bıçağı qatlayıb cibinə dürtdü.
QP bilmədi ağlasın, gülsün, heyrətlənsin, qəzəblənsin, tirtap yerə sərilsin, ya bunların hamısını birdən eləsin... nə isə, daşındı fikrindən, yadına düşdü ki, emosiyalara uymaq olmaz ona, yenə papağının rəngi dəyişəcək yoxsa. Amma məsələni belə də qoymaq olmazdı. Qurdun bu boyda fədakarlığının müqabilində nəsə etmək lazım idi.
- Unut getsin hər şeyi. Bağışla məni, bacarırsansa.. Sən sevilməyə layiq birisən – qollarını qurdun boynuna dolayıb, şişib görkəmdən düşmüş başını əlləri arasına aldı, sonra Sufrajist talasına lənətlər yağdırıb qucaqladı onu. Qurd doğrudan da sanki unutdu hər şeyi, qızın əlini ovcuna alıb sıxdı, sıxdı... QP-ın uzun şümşad barmaqları şaqqıldayana qədər.. və bu ağrı qarışıq həzzin dolğunluğunda boynuna işləyən iti qurd dişlərinin təmasını hiss etmədi qızcığaz..
- Sənə bir şey vermək istəyirəm – qurd artıq onu özünə məhrəm sanırdı.
- Nə, aşkım?
- Al bunu – cibindən çıxartdığı qolbağı QP-ın ovcuna basdı – Kantın qolbağıdır, məndən yadigar saxlarsan.
QP qolbağın iç tərəfindəki yazıya göz gəzdirib qoluna taxdı. Ayrıldılar. Qurd damağında o şirin qanın tamını apardı, qız qolbağında “Etmək məcburiyyətindəsənsə, deməli, bacaracaqsan” sözlərini.
Qurd gözləri torlu, beyni dönmüş halda gedir, başını qarşısına çıxan ağaclara vururdu. Neyləsin, neyləsin?..... Əlini cibinə atdı, bıçağın soyuq dəstəyini duyunca çəkib çıxartdı, məharətlə əlində fırlatdı, atıb-tutdu, ağacın gövdəsinə bu günlük son ürək sözlərini yazdı: “qurd qurdluğunda qalır”. Sonra əlindəki bıçağı tam dəstəyinə qədər yazdığının tən ortasına sapladı. Çıxartdı, bir də sapladı. Bir də...
Meşə boyu qaçmağa başladı. Beləcə qaçır və bir vaxtlar böyük məhəbbətlə gövdələrə cızdığı sətirləri bıçaqla qazırdı. Daxilindəki heyvanla fövqəlheyvan bəhsdə idilər. Yorulub heydən düşəndə kütləşmiş bıçağı bir tərəfə tullayıb düşkün, pərişan halda yeriməyə başladı. Nə fikirləşdisə, dayanıb durdu, dönüb arxasına baxdı, baxdı... dodaqaltı mızıltısını yaxındakı ağaclar eşitdi:
- Bir şeyə çox təəssüflənirəm. O vaxt qoymadılar babam ulu nənənə - öz hallıca-dulluca şikarına sahib dura. İdbar ovçular. Sivilizasiya milçəkləri. İllər boyu pozdular bizim meşənin müqəddəs qanunlarını. Eyb etməz. O yarımçıq qalmış işi tamamlama növbəsi indi səndə. Sənə isə maneçilik törədən olmayacaq. Bu meşədə ovçu adına bir kimsə qalmamış..
Azdan-çoxdan caduğərlik peşəsindən xəbərdar olan Canavar tərəfindən göndərilən Proqram idi və o, bütün təfsilatı ilə, nöqtə-vergülünə qədər QP-ın beynində səsləndirildi. Və elə həmən dəqiqə də biləyindəki qolbaq sanki daralıb azacıq sıxmağa başladı qolunu. Bunlara heç bir əhəmiyyət verməyən qızcığaz evlərinə yaxınlaşıb, üstündə ürək formalı kəsim açılmış taxta qapını tıqqıldatdı.
Qapını hündür boylu, yaraşıqlı bir xanım açdı. Sinninin çox olması təravətini tam silə bilməmişdi çöhrəsindən. Iri qonur gözləri, təmiz ağ-çəhrayı dərisi, gur, səliqə ilə arxaya daranmış saçları onu yaşının bu çağında da gözəgəlimli edirdi. Hiss olunurdu ki, nənə özünə fikir verməyi sevən qadınlardandır. Əynində saya gödək topik və meşədə son 10 ildə dəbdə olan əlvan leqqins vardı. Nənə nəvəsini görüncə kənara çəkilib ona yol verdi, başını məzəmmətlə yırğalayıb təmiz fransız dilində dedi:
- Qadasın alım, başına dönüm, hardaydın bu çağacan? Nənəni bunca nigaranmı qoyarlar??
QP nənənin başını bulamağından hərəkətə gələn zınqırovlu sırğaların cingiltisinin kəsilməsini gözləyib cavab verdi:
- Nənəciyim, danlama öz sevdiciyini. O qədər yoruldum ki... – bu sözlərlə QP otağa göz gəzdirdi. Nənəsi tək qaləb darıxdığından interyerdə yerdəyişmə aparmış, onu bunun, bunu onun yerinə qoymuşdu.
Ev elə nənənin özü kimi yaraşıqlı və səliqəli idi. Onlar sobanın olması üzündən adətən bu iri zalda oturardılar. Bura açılan iki qapı nənənin və nəvənin yataq otaqlarına aparırdı. İkinci qapıya üzərində “QaPa” yazılmış lövhə vurulmuşdu.
Qızcığaz əlindəki zənbili şabalıd ağacından qayrılmış dəyirmi masanın üstünə qoyub, qarşı divardakı şəkillərin önünə keçdi. Üç nəfərin şəkli asılmışdı burda. Biri özü idi, o birilər - nənənin və ulu nənənin gülümsəyən əksləri. Bu iki nənə qurdun qarnından çıxmış o məşhur personajlar idi, o vaxtki nənə ilə nəvəsi. O vaxtki nəvə indi böyüyüb nənə olmuş, qırmızıpapaqlıq estafetini öz şıltaq nəvəsinə ötürmüşdü.
- Nənəsi, mənə nəsil şəcərəmiz barədə məlumat verərsənmi?
Nənə təəccübünü gizlətmədən fransızca dilləndi:
- Gözəl balam, nədəndi səndə bu maraq? Əvvəl heç sormazdın belə şeyləri.
- Danış, nolar... mən hər şeyi bilmək istəyirəm.
Ərköyün, şıltaq nəvəsini heç zaman belə pərişan görməyən nənə naəlac qalıb sözə başladı:
- Yaxşı, nənə balası, mən deyim, sən qulaq as. Nənəmlə mən acgöz qurdun qarnından sağ-salamat qurtulandan sonra (allah ovçulardan razı olsun) həyatımızda bəzi dəyişikliklər baş verdi. Biz artıq əvvəlki adam deyildik. Qurdun qarnında nə hikmət vardısa, mən sanki vaxtından qabaq böyüməyə başladım, nənəmsə cavanlaşdı. Eynəyini atdı, əsanı tulladı, dişləri yenidən əmələ gəldi, nəsə nənənin çiçəyi çırtladı. Hə... yadımdadı, çox xoşbəxt görünürdü o ara..., öləndə də qurdun adı dilindən düşmədi – bu yerdə nənə fransızca qımışdı və susdu.
- Sonra?
- Məni də başqa cür tərbiyə etməyə başladı və mən emansipə aşiqi oldum və səni də eyni qayda ilə böyütdüm – dərin ah çəkib əlavə etdi – sənə bir söz deyim, balası, meşəni heç sevmədim mən. O hadisədən sonra meşə doğmalığını itirdi mənimçün..
- Başa düşürəm..
- İndi de mənə görüm hardaydın? Niyə belə gec döndün?
QP iri qədimi trimonun önünə keçib fikirli-fikirli papağını çıxartdı, darağını götürüb daranmağa başladı.
- Hardaydın axı, deməzmisən?
QP etinasızcasına cavab verdi:
- Qurdla tanış olmuşdum. Birlikdə gəzirdik meşəni, sənə gül dərirdik.
- Ah uca yaradan!! Bircəciyim, sən dəlimi olmusan?!! Nə qurd, nə gəzinti? Sən heç bilirsən nə boyda təhlükəyə atmısan özünü? – nənə dəhşət içində əlləri ilə üzünü qapayıb hönkürməyə başladı – sən heç məni fikirləşmirsən... axı mənim səndən başqa bir kimsəm yoxdu... – hönkürtüsünün nəvəsinə heç bir təsiri olmadığını görən nənə sakitləşib rəvan səslə davam etdi – mənim sənlə bağlı bir çox planlarım var. Sən hamıdan ağıllı, gözəl, güclü və iradəlisən. Unutma. Sən Qırmızı Papaqsan! Mən səni belə tədbirli və cəsarətli tərbiyə etməsəydim, sən dissertasiya işi yazıb, uğurla müdafiə edə bilməzdin. Mən tapmadım, nənəm rəhmətlik tapmadı, sənsə tapacaqsan. Tapacaqsan bu meşədən dünyaya çıxış yolunu. Tapmalısan! Çünki sən sənsən! Özünü qurd kimi xəbis xislətli şəxsiyyətsizdən qorumalısan. O bizim sinfi düşmənimizdir. Qurddan dost olmaz, bu bir. İkincisi, erkəklə ünsiyyətə sən necə cürət etdin?! Sən nəslimizin artıq formalaşmış feminist davranış qaydalarını yerə vurmaqla nə qazanmağı düşünürdün? Qurdla münasibət! İlahi, mən nələr eşidirəm?! Onun hiyləsinə inanma, maralım, sözünə uyma – nənənin nəsihəti qurtarmaq bilmir, get-gedə daha da vüsət alırdı.
Trimonun qarşısında durub saçını düzəldən QP birdən hiss etdi ki, daha nənəsinin fransız nitqini başa düşmür, sözlərini anlamır. Və hansısa vəhşi ehtiras onu geriyə, meşəyə çağırırdı. Boynundakı güclə sezilən dişləm yeri gicişir, qolbaq biləyini məngənə kimi sıxırdı.
Birdən nənə səsini kəsdi. Arxası ona tərəf durmuş nəvəsinə doğru bir-iki addım atıb, duruxub dayandı.
- Maralım, bu nədi belə?... uzun, tüklü... sallanıb donunun altından?...
QP onsuz da nənənin nitqini artıq anlamırdı və anlayası halda da deyildi. Dayanıb, heyrətqarışıq məmnunluqla güzgüdəki tanınmaz şəklə düşmüş əksini – tüklənmiş, yekəqulaq, vəhşi baxışlı çöhrəsini seyr etməkdə idi..