İlisu kəndi Qax rayonu ərazisində yerləşir. Kənddə etnik qrup olan ingiloylar məskunlaşmışlar. Tarixən burada yaşayan ingiloyların böyük hissəsi azərbaycanlılarla qarışaraq assimilyasiyaya uğramışdır. Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında yaşayan ingiloyların tarixi kifayət qədər tədqiq edilmişdir.
Bir çox tədqiqatçıların fikrincə, ingiloylar və Azərbaycanda mövcud olan digər az saylı xalqların yayılma arealı, alban tayfalarının yayılma arealına daxildir. İngiloylar gürcü dilinin şərq dialektində danışırlar.
Tarixi mənbələrə əsasən qədim Azərbaycan ərazisində mövcud olmuş Alban dövləti tərkibində Gel (Gellər) tayfaları yaşayırdılar. Ptolomey ingiloyların məskunlaşdığı ərazini Gelda adlandırır. Məhz həmin gellər indiki ingiloyların əcdadları sayılırlar. Vll əsrdə Albaniyanın öz müstəqilliyini itirməsi və Gürcü kilsəsinin təsirinin artması ilə əlaqədar, gellər Gürcü mədəniyyətinin təsiri altına düşərək, getdikcə gürcü dilini qəbul etmişlər.
XVll əsrdə l Şah Abbasın hakimiyyəti dövründə Səfəvi qoşunları gellərin məskunlaşdığı əraziləri işğal etmişlər. Müsəlman dövlətinin təsiri altına düşən gellərin bir hissəsi islam dinini qəbul edir. İslam dinini qəbul etmiş gellər ingiloylar adlandırılmışdılar. “İngiloy” etnoniminin mənası “in”- yeni, “geloy”- gellər, yəni “yeni gellər”, ” yeni dini qəbul etmişlər” kimi mənasını verir.
İlisu kəndi keçmişdə Car-Balakən mahalının vassalllığına aid olan İlisu Sultanlığının paytaxtı hesab edilirdi. Sultanlığın ilkin paytaxtı Qax şəhəri olsa da, sultanlığın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar olaraq hakim öz rezidensiyasını İlisu kəndinə köçürmüşdür.
Əhalinin əsas hissəsi sənətkarlar olublar. Hər nəsil müxtəlif peşələrlə məşğul olurdular. Bu peşələr nəsildən nəsilə ötürülərək qorunub saxlanılırdı.
Hal hazırda ingiloyların müəyyən hissəsi dinlərindən aslı olaraq azərbaycanlı, digərləri isə gürcü hesab edirlər. İngiloylar və azərbaycanlıların çoxəsrlik qonşuluğundan mədəniyyətin bir çox xüsusiyyətləri birləşmişdir. Hal-hazırda İlisu kəndinin əhalisi özlərini azərbaycanlı sayırlar.
</FONT>