Rəşad Sadıqova Rusiyadan təklif var
İkinci turda əbədi rəqiblərindən “Şəmkir”i çətinliklə yenən “Neftçi”nin 7 oyunçusu yığmanın heyətində İordaniyaya yollanıb. Məhz bu səbəbdən klub rəhbərliyi AFFA-ya müraciət edərək 3-cü turda səfərdə qarşılaşacaqları “Karvan”la görüşün təxirə salınmasını xahiş edib. Bu təklifi qəbul edən federasiya “ağ-qaralar”ın oyununu qeyri-müəyyən müddətə təxirə salıb. Bununla belə, komanda düşərgəsində qalan futbolçularla hazırlığını davam etdirir. Axır ki, klubun baş məşqçisi Kazbek Tuayev də komandanın düşərgəsinə təşrif buyurub. MOİK-lə oyundan sonra Moskvada yaşayan ailəsinin yanında qalan mütəxəssis cümə günü gecə Bakıya dönüb. Qeyd edək ki, hazırda “ağ-qaralar”ın sıralarında olan rusiyalı hücumçu Sergey Lutovinovun komandada qalıb-qalmamasını o həll etməli idi. Dünən klubun məşqçi-seleksiyaçısı Musa Qurbanovla söhbətdən aydın oldu ki, flaqman eks-“Amkar”lının xidmətində maraqlı deyil: “Lutovinov bir müddət bizdə məşq etdikdən sonra gördük ki, futbolçunun fiziki hazırlığı istənilən səviyyədə deyil. Yəni hücumçu zəif təsir bağışladı. əgər öz oyunçularımızdan səviyyəli legioner gətirmədinsə, daha nə mənası? Odur ki, bir neçə günə rusiyalı forvard geri qaytarılacaq”. Yadınızdadırsa, bir müddət əvvəl Qurbanov bizimlə söhbətdə yarımmüdafiənin sol cinahına əcnəbi futbolçu dəvət edəcəklərini söyləmişdi. Onun dediyinə görə, həmin futbolçuların məsələsi hələ də açıq qalır: “Hələlik legionerlərlə danışığı davam etdiririk. İstəyirik ki, bura gələn oyunçunu bir daha geri qaytarmayaq. Bir neçə nəfər var. Sadəcə seçib onlardan ən yaxşısı ilə anlaşmağa çalışacağıq”. “Vidnoe”dən ayrılması gündəmdə olan Vyaçeslav Lıçkinə bir müddət öncə “Neftçi” də elçi düşmüşdü. İndi isə yığmamızın sabiq yarımmüdafiəçisinin “Xəzər-Lənkəran”la anlaşacağı daha inandırıcı görünür. Maraqlıdır, bakılılar niyə sabiq oyunçularını əldən buraxırlar? “Bilirsiniz, Lıçkinlə danışıq .rsaq da, o, bizə dəqiq söz demədi. Yəni gah deyirdi ”Vidnoe“də vəziyyət düzəlir, orada qalacam. Gah deyirdi başqa komandalardan təklif var. Özü konkret danışmadığından transfer baş tutmadı”. Son vaxtlar yığmamızın müdafiəçisi Rəşad Sadıqovun xarici klublardan təklif alması ilə bağlı xəbərlər dolaşır. Qurbanov da bu xəbəri təsdiq etdi: “Hələ ki rəsmi bir şey yoxdur. Ancaq mən də eşitmişəm ki, hansısa komanda Rəşada maraq göstərir. Sadəcə bu barədə kluba müraciət edən olmadığından ətraflı məlumat verə bilməyəcəyəm”. Qeyd edək ki, Musa bəy futbolçunun Rusiya güclülər dəstəsinin hansısa klubundan dəvət aldığını, ancaq komandanın adını bilmədiyini söylədi. Klubun vitse-prezidenti Namiq Quliyev isə Sadıqovla bağlı heç bir xəbərə malik olmadığını söylədi: “Bu barədə bizimlə əlaqə saxlayan olmayıb. əgər müdafiəçinin komanda ilə müqaviləsi varsa, deməli, bunu istəyən klub birinci növbədə bizə müraciət etməlidir. Ancaq bir daha təkrar edirəm ki, Rəşadın hər hansı komandadan təklif alması barədə məlumatım yoxdur”. Ayxan