Gələcəyə gedən yol bağlı, buraxmırlar, yenidən keçmişə qayıdır vətən!
Arxasınca dartaraq əsəbi şəkildə övladının əlindən.
Küçədən tapıb, tək böyüdüb onu, atasız, anasız, amansız!
Öyrədib ki, gözdürsə şəxsidir, ağlamaqdırsa bəşəri!
Şəriki varsa ömürdür, kimsəsizdirsə tale!
Yaradırsa doğmadır, ağrıdırsa köçəri!
Kimsə vicdanın yerini soruşur xəstə taksidən;
ya televiziyadandır, ya qəzetdən
Biri deyir: – harasından güllələdinizsə,
O biri: – harasından asdınızsa,
Başqa biri: – harasından tək qoydunuzsa,
Orasıdır vicdanı insanın!
Kimsə dəqiq bilmir heç bir ünvanı.
Yol yoxdursa, çıxış yolu hələ ki, azmaqdır.
(Yenisey)