Divara hörülmüşlər
(qotik esse)
Çölli-bərri-biyaban, ləpələn,
apar dəhşətin gədiyindəki salnamələri.
Uzun, uzun, lap uzun bir vadi. Nəhayət ki, bitir. Uzaqlarda meşə zolağı görünür. Ora üz tutursan. Çox seyrək, ildırım vurmuş ağacları və bol kötükləri ilə öyünə biləcək, yaşıl-samanı otlarla örtülü bir meşə. Onu da keçirsən. Sonra çöl başlayır. Iri, cansıxıcı, ucsuz-bucaqsız bir çöl. Uzaqdan qaraltı görünür. Yalın torpaqda təkəmseyrək tikanları tapdalayaraq, üz qoyursan qaraltı tərəfə. Mənzərə təsvirinə ehtiyac görmürəm. Mənzərə yoxdu ki, təsviri də ola. Sadəcə çölli-bərri-biyaban var, bir də buludlarla gizlənqaç oynayan payız günəşi.
Çatacaqda görürsən ki, bu çox qədim və uçuq bir qəsrdi, köhnəliyin nişanəsi. Elə daşlarından da nimdaşlıq iyi gəlir. Allah bilir, nə qədər savaş olub buralarda. İndi bu qəsr öz tarixi ululuğundan bayılıb, bəqada (в нирване) olmalı idi. Amma ola bilmir. Divarlarından gələn səslər qoymur onu uyumağa. Çatdın, baxdın, daha burda qalma, yoluna davam elə, get burdan. Bura yaxşı yer deyil, “Şeytan düzü” kimi ad çıxarıb bu yer. Əvvəllər bu düzdə lalələr bitərmış, alabəzək imiş buralar. İndi güllər qorxur burdan. Bütün dəhşət qəsrin divarlarındadır. Onlar tilsim yuvasıdır, deyirlər... canlıdır, nəfəs alır...
Qaç burdan. Qaç, uzaqlaş. Turan qarışanadək burdan getmən lazımdır. Qaranlıqda burda qalmaq qorxuludur, dostum.
Bu tikilidə həqiqət gizlənib. O, öz pəncərələrini bağlayıb, qorunur insanlardan, çünki qorxur...., insanlardan qorxmağa dəyər, dostum..
Bu qəsrdə nifrət məhbusdadır. Arabir şığıyır qəsrin söküklərindən eşiyə, öz nəfəsiylə yalayır sifətləri, doymaq bilmir, dostum, doymaq bilmir.
Deyirlər, burda çox ləngiyən gedib ya adam öldürür, ev yandırır ya da özünə bir xələl gətirir. Adamı dəli eləyir bu yer, beynini ovur, ruhunu yeyir... özün özünü tanıya bilmirsən, qamçılanmış mənəviyyatın qoymur səni asudə dolanmağa. Bu yerlər buraxmır səni, lal çölün quluna çevrilirsən..., əks-sədası qulaqlarında...
Bu çöl tənhalıq tarlasıdır, kabuslar tablosu. Burda, qanlı savaşların suyu ilə melıorasiya edilmiş torpaqda çox sirrlər gizlənib. Torpaq o qədər kəsilmiş başlar görüb, o qədər nalələr eşidib ki, sonda yaddaşı pozulub onun. Güllər də, ot-ələf də tərk edib onu, bir tək tikanın üzü bərk çıxıb.... Pis yer burası, burdan qaçmaq və hər şeyi unutmaq lazımdır.
Bu qorxulu yerdə səhər də başqa yerlərə nisbətən gec açılır. Çölün özünün zaman qovşağı var. Şəfəqlər qaranlığın bağrını dəlir, qaranlıqsa çəkilib getmək bilmir ki, bilmir. Küləklərsə ona sığal çəkir, onun məchulluğuna toz ələyir. Günəşi gücnən sürüyüb gətirirlər, dostum, gücnən, günəş gəlmək istəmir bura... gələndə də istisini qoltuğunda gizlədir. Rütubət də başqa cürdür burda. Buranın rütubəti insanın tək ayaqlarını deyil, iliklərin də isladır. Dəmir dadı verir buranın nəmi...
Müdhiş bir yer. Diri-diri basdırılan arzuların vəhşi qəhqəhəsi var fəzada...
Bu yerlər öz qonaqları ilə yalnız küləyi paylaşa bilir və buranın küləyinin çox qəribə qoxusu var...
Xatirələr daşdan hörülüb. Burası sonsuz səhralıqlar diyarı. Daimi payızlar məskəni. O payızı baharın suyunda nə qədər yuyursan yu, əl çəkəsi deyil bu çöldən.
Qəsrin divarlarında möhürlər var – keçmişin qan izləri, əlvida jestləri. Burda basdırılmışların məzarını duman heç vaxt qucmayacaq, yağış islatmayacaq, otlar onları ziyarətə gələnlərin ayaqları altında tapdanmayacaq. Onlar bu qəsrin daimi qulu və əbədi sakinləri. Nə bu dünyada yerləri var, nə o dünya onları qəbul edir. Eləcə asılıblar aralığın tavanından... Yalnız gecələr öz məchul sığınacaqlarından xəbər verirlər, inilti ilə..... Talesiz bədbəxtlər... Həqiqətləri xəzan olub tökülmüş canlar. Onların od-alovunu heç bir göz yaşı ilə söndürmək mümkün deyil. Səpələ göz yaşını ətrafa civə kimi, onlara sərinlik gətirməz.
Bunlar divara hörülmüşlərdir..., diri-diri, gözü baxa-baxa.
Onlara qarşı qarrota ya qilyotina tətbiq olunmayıb, yox, onlar edam olunmayıb, dara çəkilməyib, şaqqalanmayıb, yandırılmayıb. Onlar hörülüb, nəfəsi üstündə, diri basdırılıb.
Bir insan, bir lay daş.
Bir cisim, bir lay kərpic.
Bir tale, bir lay etinasızlıq.
Bir yalvarış, bir lay qəddarlıq.
Bir hönkürtü, bir lay soyuqluq.
Beləcə hörə-hörə onları daşların yaddaşına köcürüblər.
Onlar varlığı ilə insanlara örnək olmalı, ölümüylə insanlığın günahlarını silməli idilər. Bir bilsəniz, onlar mənə nə qədər yaxındılar...
Onlar – azadlıq və həqiqət tərəfdarı, ədalət carçıları. Hərəsinin ömür yolu bir dastan, bir salnamə. Sonluqsa hamı üçün eyni.
Onlar apoloqet olmamışlar, dünyaya belə gətirilməmişlər, sadəcə. Onlar - isteblişmenti biçənlərdən. Öz dövrünün ünlü nümayəndələrinə qarşı çıxanlardan. Ona görə indi simasız surətlərə çevriliblər. ...qanları ilə daşları suvarmağa məhkum olunmuşlar...
Ah, fələk qara tabaşirlə qara divarlara talelər cızmış...., təbii ki, qara.
Toran qovuşyr. Buranı tərk etmək lazım. Əlini ver, dostum, ver, uzaqlaşaq burdan. İndi kor yuxuların zamanı yetışəcək. İndi səslər, inilti və hənirti çağı gələcək. Mən onları eşitmək istəmirəm. Qorxuram mən... Arxaya baxmadan qaçalım burdan.
Arxana baxma, o səslər çağıracaq səni, baxma..