GECƏ ROMANSI – 2.
Casus a nullo praestantur – təsadüfə görə heç kəs məsuliyyət daşımır.
Kölgələr..., dibsizliyin göz çıxaran qarası.
Kölgələr..., dərin mağaralarda, keçilməz meşələrdə kölgələr olmur... suyun altında da. Günəş qorxur oralardan.
Kölgələr..., daşlar üzərində can verən miskin yoxluqlar. Yiyəsi çoxdan çürümüş, kölgə hələ də can verir..
Gecələr..., ölü və yalqız insanların kölgəsi gərilib şəhər üzərinə.
Gecələr..., küçələrdə gecə kimi qara siluetlər dolaşmaqda...
Gecələr..., addım səsləri get-gedə uzaqlaşmaqda... elə bu dəm kimsə kürəyinə yüngülcə toxunub - “geri dönmə, tanıyırsan məni” – pıçıldayır. Dönərmisən?
Yox olur..., qələmimi kölgəmin mürəkkəbinə batırıb yaşıram: “Yoxluq”.
Yox olur..., sualtı qayıqlar kimi, şimal parıltısı kimi. Ya göy qurşağı, ulduzlar kimi?
Yox olur..., kölgəm qədər mənə yaxın iztirab. Sən də dağıl, yox ol!
Kölgələr gecələr yox olur.
Azğın yollarda ilişib qalmış dəbdəbəli kəcavə. Qullar qoyub qaçmış. Nə geri qayıdanda ağalarının şallağından qorxurlar, nə asılmaqdan, nə də aclıqdan. Geri dönməyəcəklər çünki. Başlarına gətiriləcək hər cür məşəqqət indi burda gördüklərindən daha yüngül gəlir onlara. Onlar quldur.., heç bir ixtiyarı, şəxsi hüququ olmayan ət parçası, kiminsə şəxsi mülkiyyəti. Azadlıqlarını parçalayıb itlərə atıblar. Bu adamların dili var, amma danışmaq hüququ yox. Gözləri var, amma dik kiminsə üzünə baxmaq ixtiyarı yox. Onlar quldur. Onları heç nə məcbur edə bilməz öz sahiblərinin üzünə ağ olsunlar, çünki qorxurlar. Amma Dəhşət adlı bir pələng var ki, bu məkanda onların canına çökməkdə və hər cür qorxuya üstün gəlməkdə. Burda gördükləri mənzərədən vahiməyə düşüb dabanlarına tüpürüb qaçıblar. Kəcavənin (паланкин) içindəkinin, saraydan çıxanda bu qara qullara yuxarıdan aşağı həqarət və istehza ilə baxan gənc və gözəl xanımın isə çöldə baş verənlərdən əsla xəbəri yox. Sadəcə, getməyib durduqları onu təəccübləndirmiş, şümşad barmaqları arasında oynatdığı yelpazənin ucu ilə kəcavə pərdəsini azacıq aralayıb çölə baxmaqla kifayətlənmişdi. Gərək baxmayaydı... Dəhşətli, eybəcər kölgələr onu dörd tərəfdən əhatə etmiş... havanın istisi artmış, kəsif kükürd qoxusu bürümüşdü aləmi. Bu yerə “Cəhənnəm dərəsi” deyərmişlər. Meşənin içi ilə gedən qullar yolu azmış, səhvən bu yerlərə gəlib çıxmışlar.
Səbrli ol, gözəl xanım. Bir də pəncərədən boylanıb özünü qorxutma. Qorxu pis məsləhətçidir. Gecəni gözlə. Əgər bu cisimsiz varlıqlardan sənə bir xətər toxunmasa, yəqin ki, qurtularsan. Qulların yox artıq, özünə, özünə, tək bir özünə güvənmən qalır. Səriştən varmı belə işlərdə?... Kəcavəni burda buraxıb qaçarsan ayağın tutunca. Amma hara qaçacaqsan?, yolu ki, tanımırsan.... Hər halda gözlə gecəni. Gecə kölgələr yox olur. Çünki gecə quldurlarındır, bir də vəhşi heyvanların..., ac və qorxulu gecə ovçularının. Hə, gecələr burda başqa vahimələr olur...
Ah, yazıq binəva. Sənin indi bu dərənin toz dənəsindən heç bir fərqin yox. Başındakı daş-qaşla bəzədilmiş tac da kömək etməz sənə. Kölgələr tac sevmir. Amma bir vaxtlar kəcavəni daşıyan qullara həqarətlə baxırdın. Onlar indi burdan çox-çox uzaqdadırlar..., səndən daha azad, daha məsud... Axı niyə atlı müşayiətçi dəstəsindən imtina etdin? Səni atın tərkinə mindirib uzaqlaşdırardılar burdan. Tərslik, inadkarlıq, şıltaqlıq.... yazıq, yazıq şahzadə... Qonaq gedirmiş, başqa krallığa, orda birisi ilə görüşəcəkmiş – kralın yeganə varisi ilə. Onunla gələcəkdə izdivac gözlənilirmiş.... xoşbəxt günlər, ehtiras, sevilmək arzusu.....ah, yazıq qızcığaz...