Seyid Cəfər Pişəvərinin BMT-yə müraciəti - 70 il gizlədilən məktub
1945-1946 ci ildə Güney Azərbaycanda qurulan Azərbaycan Milli hökumətinin başçısı Seyid Cəfər Pişəvəri qurduğu hökuməti dünyaya tanıtmaq üçün 28 yanvar 1946-cı ildə BMT Baş Assambleyasına müraciət etmişdir. Əkrəm Rəhimli (Bije) və Səməd Bayramzadənin “Güney və Qüzey Azərbaycan ensiklopedik təqvim” adlı kitabından əldə etdiyi həmin mürəciəti təqdim edirik:
"Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün zəngin milli tarixinə malikdir. Əsrlərin keşməkeşində o, öz milli dilini, adət və ənənələrini qoruyub saxlaya bilmişdir. İran zülmkarları Azərbaycanı öz hakimiyyətləri altına alaraq, onun sərvətini amansızcasına taladılar. Nəticədə Azərbaycanın çiçəklənən kənd və şəhərləri dağılmaq həddinə gəlib çatdı.
Şovinist böyük dövlətçilik siyasəti yürüdən İran hökmdarları azərbaycanlıların mövcudluğunu tamamilə inkar etməyə cəhd göstərir, onların dilini əlindən almaqdan, hər cür təhqiredici əməllərdən çəkinmirdi.
Buna baxmayaraq Azərbaycan xalqı bir gün də olsun, öz azadlığı uğrunda mübarizəsini dayandırmadı. Azərbaycanlıların öz milli azadlıqları uğrunda mübarizəsinin ən parlaq nümunəsi Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani və başqalarının hərəkatlarıdır. Bu cəsur insanlar mübarizənin başçıları, həm də şəhidləri idi.
Qanlı faşizmin üzərində demokratik dövlətlərin qələbəsi Azərbaycan xalqının mübarizəsinə yeni təkan verdi, yeni şərait yaratdı.
Tehran hökumətinin müqavimətinə baxmayaraq bu ilin 21 Azərində (12 dekabr) Azərbaycan xalqının əsrlərdən bəri apardığı azadlıq mübarizəsi qələbə ilə başa çatdı, Atlantik Xartiyasına uyğun olaraq Milli Məclisin, Azərbaycan Hökumətinin qurulması ilə nəticələndi.
Azərbaycanda demokratik əsaslara dayanan bir hökumət qurulub və öz fəaliyyəti barədə bütün dünyaya məlumat yayıb.
5 milyonluq Azərbaycan xalqı milli dilinin, tarixinin, mədəniyyətinin köməyi ilə özünün müasir bir xalq olduğunu dərk etdi və bir də heç vaxt fars zülmünün altında inləməyə, fars dilinin İrandakı başqa xalqların dilləri üzərində ağalıqlarına icazə verməyəcəkdir.
Bu xalq bir nəfər kimi öz həyatını milli azadlığına və dövlətinə qurban verməyə hazırdır.
Yeni, demokratik Azərbaycan Hökuməti qısa vaxt ərzində ictimai, iqtisadi, mədəni sahələrdə ciddi dəyişmələr edə bilib, daxili təhlükəsizlik tam bərqərar olunub.
Yeni Milli Hökumətin fəaliyyəti sayəsində əsrlərlə istismar olunan xalq adi insani şəraitdə yaşamağa başlayıb. Bununla da o, öz milli dövlətini qurmağa, onu idarə etməyə qadir olduğunu göstərir.
Azərbaycan xalqının iradəsi ilə Atlantik Xartiyasına, yəni böyük demokratik dövlətlərin vədlərinə uyğun olaraq qurulan Azərbaycan Milli Hökuməti artıq danılmaz faktdır.
BMT Baş Assambleyasına müraciəti ilə Azərbaycan xalqı xahiş edir ki, Azərbaycan Milli Hökumətinin mövcudluğu faktı tanınsın və kənardan müdaxilə olmadan, ona öz taleyinin özü tərəfindən müəyyənləşdirilməsinə təminat verilsin.”