Yolumu gözləyir hər səhər bir iş,
Bir yolu yüz dəfə keçirəm hər gün.
Səhərlər harasa durub getməmiş,
Payızı dəmləyib içirəm hər gün.
Çörəyin üstünə həsrət yaxıram,
Bir az gülüşündən qatıram çaya.
Bir az içimdəki sənə baxıram,
Bir az da çöldəki sənsiz dünyaya.
Baxıram... oluram hamıdan küsən,
Küsürəm... küsməyim qəzəbim olur.
Bəhanə gəzirəm ağlayım bəzən,
Köhnə mesajlardan gözlərim dolur.
Getməsən qoluma girərdin yenə,
Mənə nəfəsim tək yaxın olardın.
Getməsən dondurma alardım sənə,
Yenə köynəyimə ləkə salardın.
Payızdır. Siqaret, bir də dörd divar...
Rədifdən sonrasan. NÖQTƏ. Bitmisən.
Görəsən, bu şeir nəyə görə var,
Getməsən getməzdin, amma getmisən....
Qismət Rüstəmov